Ru
Bakı
USD
EUR
GBP
RUB

“Zəyəmçay nekropolu” monoqrafiyası üç dildə çapdan çıxıb (FOTO)

news photo

25.11.2019 19:37 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Nəcəf Müseyiblinin və aparıcı elmi işçi, dosent Şamil Nəcəfovun həmmüəllifi olduqları “Zəyəmçay nekropolu” monoqrafiyası üç dildə (Azərbaycan, ingilis və rus dillərində) çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, yeni nəşr Şəmkir rayonu ərazisindəki Son Tunc-İlk Dəmir dövrü (eramızdan əvvəl II minilliyin ikinci yarısı-I minilliyin əvvəli) Xocalı-Gədəbəy mədəniyyətinə aid Zəyəmçay nekropolunda aparılan arxeoloji qazıntıların nəticələrindən bəhs edir.

Nekropolda qazıntılar 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin çəkilişi ilə əlaqədar kəmərlərin marşrutundakı arxeoloji abidələrin təxirəsalınmadan öyrənilməsi proqramına uyğun olaraq aparılıb. Bu proqram daxilində Zəyəmçay hövzəsini də əhatə edən arxeoloji qazıntılar hövzənin tədqiq edilən qəbir abidələrinin və yaşayış yerlərinin sayını artırmaqla yanaşı, mühüm elmi nəticələr və yeni faktların üzə çıxarılmasına nail olunub.

Zəyəmçay nekropolu Zəyəm çayının sağ sahilində Bayramlı kəndinin yaxınlığında yerləşir. Nəşrdə qeyd edilir ki, nekropolda üç qəbir tipinə rast gəlinir: kurqanlar, torpaq qəbirlər və daş örtüklü qəbirlər. Bir sıra fərqli, lokal dəfn adətlərinə malik olan Zəyəmçay nekropolunda Son Tunc-İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid zəngin, maraqlı artefaktlar aşkar edilib, dəfn adətləri izlənilib.

Əldə edilən tapıntılar müxtəlif parametrlər üzrə təsnif edilib. Əsərdə Zəyəmçay nekroplundan tapılan maddi mədəniyyət nümunələrinin statistikası, geniş və təfsilatlı qrafik və foto təsvirləri oxuculara təqdim olunub.

Zəyəmçay nekropolunun tədqiqatları zamanı aşkar edilən tapıntılardan nümunələrin analizi ABŞ-ın Mayamidəki Beta radiokarbon laboratoriyasına aparılıb.

Azərbaycan ərazisində indiyədək tədqiq edilən Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin tarixlənməsi əsasən tarixi-mədəni və stratiqrafik metodla, yəni nisbi olaraq tərtib edilib. İlk dəfə olaraq Son Tunc - İlk Dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti üçün çoxsaylı radiokarbon tarixlənmə analizlərinin seriyası məhz “Zəyəmçay nekropolu” əsərində öz əksini tapıb.

Kitab arxeoloqlar, etnoqraflar, antropoloqlar, ali məktəblərin tarix fakültələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi