Ru
Bakı
USD
EUR
GBP
RUB

Zəfər günləri" layihəsi çərçivəsində Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının mükafatçıları ilə görüş keçirilib

news photo

29.07.2019 13:01 // İdman

Bu gün Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsi çərçivəsində Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) mükafatçıları ilə görüş keçirilib.

Youthportal.az xəbər verir  ki, əvvəlcə idmançıların zəfər anlarından videoçarx nümayiş olunub. Ardınca MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə mükafatçıları təbrik edib: "Azərbaycan növbəti dəfə öz qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə bütün Avropanı heyran etdi. Bu gün ölkə idmanının yeni qələbəsini qeyd edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük idman tədbirləri keçirilib. Buna misal kimi Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını qeyd edərdim. Bütün mükafatçıları təbrik edirəm".

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın festivalı yüksək səviyyədə keçirdiyini vurğulayıb: "Mükafatçılar bir daha sübut etdilər ki, Azərbaycan idman ölkəsidir. 15-ci dəfə keçirilən bu festivalda komandamız ilk dəfə 4-cü pillədə qərarlaşdı. Bu da o deməkdir ki, gənc idmançılar arasında da gələcəyin ulduzları var. Çalışıb onları itirməməliyik. Festival çərçivəsində 3 proqram həyata keçirdik. Onların hər biri bizim üçün önəmli idi. Azərbaycan festivalı yüksək səviyyədə təşkil etdi. Sevindirici haldır ki, yarış zamanı heç bir problem yaşanmadı".

Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın növbəti dəfə böyük idman tədbirini yüksək səviyyədə təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan komandasının 48 ölkə arasında 4-cü yeri tutması bir daha sübut edir ki, idmana peşəkar səviyyədə diqqət göstərilir. Nazir festivalın keçirilməsində verdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də təşkilatçı qurumlara təşəkkür edib.

Daha sonra medalçılar mükafatlandırılıb. Mükafatları Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, MOK-un vitse-prezidenti Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, onun müavini Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, eləcə də A.Rəhimov, C.Bayramov, Ç.Hüseynzadə və digər tanınmış şəxslər təqdim ediblər.

Bəzi idmançılar başqa yarışlarda olduqları üçün mükafatlandırmaya qatılmayıblar. Tədbirdə incəsənət xadimləri də çıxış ediblər.

"Zəfər günləri" layihəsi Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da həyata keçirilib.

Qeyd edək ki, EYOF-un qalibi ümumilikdə 66 medal - 28 qızıl, 17 gümüş və 21 bürünc qazanan Rusiya yığması olub. Böyük Britaniya komandası 11 qızıl, 12 gümüş və 2 bürünc medalla 2-ci yeri tutub. Aktivində 11 qızıl, 6 gümüş və 10 bürünc medal olan Türkiyə yığması 3-cü pillədə qərarlaşıb. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi isə festivalı 4-cü sırada başa vurub.

Azərbaycan millisinə ən çox medalı güləşçilər qazandırıb. Ümumilikdə 23 medaldan 16-sı pəhləvanların payına düşüb. Fərid Sadıqlı, Qurbanov Qurban, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbəst güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qızıl medal götürüb.

Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.

Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbsət güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə bürünc medal qazanıb.

Report

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi