Ru
Bakı
USD
EUR
GBP
RUB

YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin iştirakçıları Milli Məclisin deputatları ilə görüşüblər

news photo

12.07.2019 11:23 // Gənclər üçün

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi” layihəsi işini uğurla davam etdirir. Hər il olduğu kimi, bu il də “Yay məktəbi” ölkəmizin gözəl guşələrindən olan Lerik rayonundakı “Relax” istirahət mərkəzində təşkil olunub.

Youthportal.az xəbər verir ki, istirahət mərkəzində beş gün müddətində YAP-ın gənc fəallarına Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilir, fikir mübadiləsi aparılır. Bu gün keçirilən seminarda Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP Siyasi Şuranın üzvü Hadi Rəcəbli layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs edib. Bildirilib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, həyatın bütün sahələrində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə görüşlərin təşkil olunmasını, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

H.Rəcəbli qeyd edib ki, gənclərimiz onlar üçün yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana töhfə verməlidirlər: “Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə çatmağa stimul verir”.

Milli Məclisin deputatı İqbal Məmmədov YAP-ın yaradıcısı, müasir müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır: “Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqamətini təşkil edib. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ümummilli lider Heydər Əliyev gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasının təşəbbüskarı olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib”.

Milli Məclisin deputatı bildirib ki, dövlətin gənclər siyasətinin formalaşmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I forumunun rolu inkaredilməzdir: “1996-cı il fevralın 2-də keçirilən bu forum Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirilib. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix - 2 Fevral - Azərbaycanda Gənclər Günü kimi elan edilib. Bu addım bir daha təsdiqləyib ki, gənclər siyasəti dövlətin siyasətində əsas yer tutur. Sonrakı illərdə keçirilən gənclər forumları bir daha Azərbaycan gənclərinin fəallığının ildən-ilə necə artdığını nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur”.

Tədbirdə iştirak edən Milli Məclisin xanım deputatı Pərvin Kərimzadə bildirib ki, gənclər bu diqqət və qayğıdan bəhrələnərək öz potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfə verməlidirlər: “Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın indiki və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bizə düşən isə partiya fəalı olaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, hər zaman Heydər Əliyev ideyalarına dəstək olmaqdır”.

Müzakirə formatında davam edən seminarda gəncləri maraqlandıran suallar cavablandırılıb. Gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirilib. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi