Ru
Bakı
USD
EUR
GBP
RUB

Tarix İnstitutu Bolqarıstanın Şumen Universiteti ilə əməkdaşlıq edəcək

news photo

12.09.2019 13:38 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetinin professoru, tarix elmləri doktoru Biser Georgiyevlə görüşüb.

Tarix İnstitutundan Youthportal.az-a bildirilib ki, görüşdə Biser Georgiyev Şumen Universitetinin institutla elmi əməkdaşlıq əlaqələri qurmaq istədiyini bildirib. Bolqar alim deyib ki, Şumen Universitetinin humanitar elmlər fakültəsinin Elmi şurasında Tarix İnstitutu ilə əməkdaşlıq təklifi səsə qoyulub və qəbul edilib.

Yaqub Mahmudov bildirib ki, ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq var: “Azərbaycanın elmi əlaqələrində Bolqarıstan xüsusi yer tutur”.

Görüşdə Tarix İnstitutu ilə Şumen Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan başqa, Tarix İnstitutunda və Şumen Universitetində Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran mərkəzlər yaradılması qərara alınıb. Bu mərkəzlərdə iki ölkə arasında əlaqələrin tarixi qədimdən müasir dövrədək, o cümlədən Bolqarıstanın erkən orta əsrlər tarixi və Bulqar türk dövlətinin türk dünyasındakı yeri araşdırılacaq.

Yaqub Mahmudov qonağa görkəmli Avstriya tarixçisi Erix Fayqlın (1931-2007) bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabı barədə ətraflı məlumat verib: “On ildən çoxdur ki, “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabı Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Bu kitab Avropada Azərbaycan tarixini obyektiv əks etdirən ilk fundamental əsərdir. Kitabın əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub”.

Görüşün sonunda Yaqub Mahmudov Şumen Universitetinə Tarix İnstitutunun rus dilindəki nəşrlərini - “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitablarını hədiyyə edib.

Xatırladaq ki, bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabının təqdimatı 2017-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilib.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi