Ru
Bakı
USD
EUR
GBP
RUB

Sumqayıt şəhərinin 70 illik yubileyi qeyd ediləcək

news photo

15.02.2019 15:31 // Siyasət

Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur.

Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçmişdir. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir.

Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etmişdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində “Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı” və “Sumqayıt Kimya Sənaye Parkı”, həmçinin digər mühüm obyektlər qurulmuşdur. Şəhərin iqtisadi strukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, eləcə də yüngül sənaye sahələri qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri vardır.

Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.

Sərəncamda qeyd olunur ki, ölkəmizin dinamik sosial-iqtisadi yüksəlişinin təmin olunmasında Sumqayıt şəhərinin fəal iştirakını nəzərə alaraq Sumqayıt şəhərinin 70 illik yubileyi ölkədə geniş qeyd edilsin.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər

Xəbər lenti

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi