Ru
Bakı
USD
EUR
GBP
RUB

“Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi fəaliyyətə başlayır

news photo

12.05.2018 11:56 // Gənclər üçün

Mindən çox gənci əhatə edəcək “Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi fəaliyyətə başlayır. Forum çərçivəsində keçiriləcək tədbirlərdə “Liberal prinsiplərin dövlət idarəetməsində rolu” sahəsində mövzular müzakirə ediləcək.

Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə “Milli Debat Proqramı” çərçivəsində keçirilir. Layihənin tərəfdaşı Azərbaycanda “Milli Debat Proqramı” çərçivəsində debat metodologiyasının istifadə olunduğu Beynəlxalq Debat Təhsil Assosiasiyasıdır.

DVC-dən Youthportal-a bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə gənc debatçılar “Dövlət idarəçiliyi” mövzusunda araşdırmalar aparacaq, mövzu ətrafında gənclərlə ekspert görüşləri və debatlar təşkil ediləcək. Layihə regionlarda yaşayan gənclərin sosial aktivliyinin artırılmasına da xidmət edərək regionlararası gənclər mübadiləsi formatında həyata keçiriləcək.

“Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi çərçivəsində gənclərə debat təlimləri, həmçinin təlimçilər və hakimlər üçün təlimlər keçiriləcək. Təlimlərdə gənc debatçılar universitet daxili turnirlərdə iştirak edəcəklər. Bakının ali təhsil müəssisələrində daxili turnirlər keçirən komandalar “Bakı Gənclər Debat Forumu: Yaz 2018” layihəsində iştirak etməyə hazırlaşırlar.

Bundan əlavə, layihə çərçivəsində regionlarda da debat fəaliyyəti davam edir. Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran, Sabirabad, Biləsuvar və İsmayıllı debat nümayəndəliklərində gənclərə debat təlimləri keçirilir və regional debat forumları təşkil olunur.

Respublika Gənclər Debat Forumu 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır. Forumun keçirilməsinin məqsədi gənclərdə nitq mədəniyyətini inkişaf etdirərək onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir. Forumun vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

“Milli Debat Proqramı” DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Proqram 11 regional debat mərkəzi və paytaxtda 15 ali təhsil müəssisəsindəki debat klubları vasitəsilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. “Milli Debat Proqramı” gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi