Ru
Bakı
USD
EUR
GBP
RUB

Pilot peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsindədir

news photo

27.08.2019 14:01 // Təhsil

“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində müvafiq rayonlar üzrə peşə təhsili müəssisələrinin I kurs tələbələri yay təcrübəsinə qatılıblar.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Youthportal.az-a bildirilib ki, yay təcrübəsinin təşkil olunmasında məqsəd duala bənzər peşə təhsili və təlimi sisteminə uyğun olaraq tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarının tələbələri “Gilan Dairy Farms” MMC-də, “Gilan Qəbələ Aqrotexservis” MMC-də, “Şamlı” Aqroservis Müəssisəsində, “Gilan Vegetables” MMC-də, “Daşca” kiçik fermer təsərrüfatında, İsmayıllı Peşə Tədris Mərkəzinin aqroservis mütəxəssisi, üzüm və şərab ustası ixtisasının tələbələri İsmayıllı Rayon Nikitin adına İvanovka Kolxozunda və Kənd Təsərrüfatı İdarəsinin Talıstan kəndindəki sahələrində, həmçinin İsmayıllı Şərab-2 müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarının tələbələri isə “ULU Aqro” MMC-də (ULU Aqropark) təcrübə keçirlər.

Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiətilə iş prosesində yaxından iştirak edir, istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. Təcrübə avqustun 30-dək davam edəcək.

Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə proqramına əsasən həyata keçirilir.

Xatırladaq ki, ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi