Ru
Bakı
USD
EUR
GBP
RUB

Moskva Dövlət Universitetinin Bakı filialının tələbə və müəllimləri AMEA YT Parka ekskursiya ediblər

news photo

23.08.2019 10:37 // Təhsil

M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbə və müəllimləri AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiya ediblər.

AMEA-dan Youthportal.az-a bildirilib ki, YT Parkın direktoru, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov qonaqlara rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. O bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

Qonaqlar AMEA-nın təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə məlumat verilib.

“AMEA Təcrübə-Sənaye Zavodu”na da baş çəkən universitet heyətinə bildirilib ki, YT Parkın ilk rezidenti olan bu zavod beynəlxalq standartlara cavab verən sürtkü yağları istehsalı ilə məşğul olur. Zavodun fəaliyyətinin əsas istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqə yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsidir. Təcrübə-Sənaye Zavodunda müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.

Müəllim və tələbələr 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azərbaycan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib. Qeyd edilib ki, “Millers Oils Azərbaycan” MMC dünya standartlarına cavab verən yüksəkkeyfiyyətli sürtkü yağları istehsal edir.

Universitet heyəti sürtkü yağlarının istehsalı ilə məşğul olan hər iki müəssisənin istehsal prosesində bilavasitə iştirak edib. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti elmi-praktik ekskursiya iştirakçılarının marağına səbəb olub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi