Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin sentyabr nömrəsi çapdan çıxıb

news photo

03.09.2019 12:28 // Cəmiyyət

Teatr-konsert müəssisələrində yeni mövsümlə bərabər “Mədəniyyət” qəzetinin aylıq “Afişa” əlavəsi də yenidən sənətsevər oxucuların görüşünə gəlib. Ənənəvi olaraq bu il də ölkəmizdə musiqi mövsümü dahi Üzeyir Hacıbəylinin adını daşıyan festivalla başlanır. XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı həm müddəti, həm də iştirakçı və tədbirlər sayının çoxluğu ilə öncəki illərdən fərqlənəcək. Musiqi bayramı sentyabrın 18-dən 30-dək 13 gün ərzində çeşidli konsert proqramları və opera-balet tamaşaları, ustad dərsi, dəyirmi masa, təqdimat və yubiley gecələri ilə birlikdə 40-dan artıq tədbiri əhatə edəcək. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivala 10-dan çox ölkədən musiqiçi və kollektivlər qatılacaq.

Mədəniyyət Nazirliyindən Youthportal.az-a bildirilib ki, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr da pərdələrini Üzeyir bəyin ölməz əsərləri ilə açacaq. Ümumilikdə isə teatrların yeni mövsümün ilk ayı üçün maraqlı repertuarı var. Bütün bunlar, eləcə də paytaxtın digər mədəniyyət ocaqlarının sentyabr sayı üçün repertuar və tədbirləri “Afişa”nın yeni sayında dolğun şəkildə əksini tapıb. Odur ki, mənalı mədəni istirahət üçün paytaxtın incəsənət həyatında nəyin harada və nə vaxt olacağını öyrənməyə dəyər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq çap olunan “Mədəniyyət+Afişa”nın hər buraxılışı mədəniyyət ocaqlarında Bakı sakinləri, eləcə də şəhərin qonaqları arasında pulsuz yayılır, həmçinin “ASAN xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.

“Afişa” əlavəsinin sentyabr nömrəsində Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı, Bakı Musiqi Akademiyasının Opera studiyası və digər məkanlarda təqdim olunacaq konsertlər, Heydər Əliyev Mərkəzində, Bəstəkarlar İttifaqında, muzeylərdə keçiriləcək sərgi və təqdimatlar barədə məlumat almaq mümkündür. Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, həmçinin konsertlər, sərgilər və s. barədə anons-informasiyalar da verilib.

Bu ay ölkəmizin və paytaxtın mədəni həyatında növbəti kitab bayramı ilə də yadda qalacaq. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-dən 29-dək VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bakıda beynəlxalq kitab sərgisi 2009-cu ildən etibarən ənənəvi olaraq iki ildən bir keçirilir. “Afişa” əlavəsinin oxucuları Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarka barədə də məlumat əldə edə bilərlər.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yeni nömrəsi sentyabrın 2-dən paytaxtdakı 1, 2, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, 1 saylı "ASAN Kommunal" mərkəzində, eləcə də Bakı şəhərindəki teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Bundan əlavə, nəşrin yeni buraxılışını M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxucuları da əldə edə bilərlər.

Nəşrinin məqsədi ictimaiyyəti, sənətsevərləri paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir. Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan qəzetdə hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı, istədiyi günə, saata uyğun tamaşa, konsert, sərgi seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi