Ru
Bakı
USD
EUR
GBP
RUB

Kembric Universitetinin elmi jurnalı Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan yazıb

news photo

24.12.2018 16:07 // Təhsil

Böyük Britaniyanın Kembric Universitetinin “Antiquity” jurnalında Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının 2009-2015-ci illərdə Mil-Qarabağ bölgəsində apardığı tədqiqatların nəticələrinə həsr olunan “İnsan mobilliyi və erkən oturaq həyat tərzi: Azərbaycanın cənub hissəsinin Son Neolit dövrü landşaftı” sərlövhəli məqalə dərc edilib. Ekspedisiyanın Azərbaycan tərəfindən rəhbəri və məqalənin müəlliflərindən biri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun çöl tədqiqatları sektorunun müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin sözlərinə görə, Mil düzünün landşaftında bütün təbii və antropogen xüsusiyyətlər aydın görünür.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, bu landşaftın son vaxtlaradək dəyişməz qalması burada ilk əkinçi icmaların mobil fəaliyyətini və onların yaranmaqda olan oturaq həyat tərzinə uyğunlaşma prosesini öyrənmək üçün əlverişli, unikal imkanlar açıb.

Məqalədə göstərilir ki, son onillikdə “Qədim Kür” və “Kür hərəkətdədir” beynəlxalq layihələri çərçivəsində Cənubi Qafqazın tarixəqədərki dövrünün araşdırılması, Neolit dövrü həyat tərzinin yayılma dinamikasının öyrənilməsi sahəsində mühüm addımlar atılıb. Gürcüstan ərazisindəki Aruxlo Neolit yaşayış yerində, Azərbaycanda – Tovuz rayonu ərazisindəki Göytəpə və Mentəştəpə abidələrində, Mil düzündə, Ağcabədi rayonunda Kamiltəpə Neolit məskənində kompleks və ardıcıl tədqiqatların nəticələri erkən əkinçi və maldar tayfaların bu regionda məskunlaşması ilə bağlı təsəvvürləri daha da genişləndirib.

Mil düzündə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid 174 abidə qeydə alınıb. Onlardan 65-i eramızdan əvvəl VI minilliyə – Son Neolit dövrünə aiddir. Bu yaşayış yerlərinin hamısında əhalinin eyni vaxtda məskunlaşması baş verməsə də, onların sıxlığı, bir-birinə yaxın (200 m -2,5 km arası) məsafədə yerləşməsi diqqəti cəlb edir. Arxeoloji qazıntılar göstərir ki, Son Neolit dövründə Mil düzü sakinləri tez-tez öz yaşayış yerlərini dəyişiblər. Qazıntı materiallarından əldə olunan 23 radiokarbon analizin nəticələri göstərir ki, bu bölgədə erkən məskunlaşma Neolit dövrünün sonlarında, eramızdan əvvəl 5650 – 5350-ci illər arasında baş verib.

Məqalədə Qarasu hövzəsində tədqiq edilən Qarabel təpə (MPS 18) və Kamiltəpə qədim yaşayış yerlərindən ətraflı bəhs olunur. Qarabel təpə Mil düzünün landşaftında digər abidələrlə müqayisədə daha geniş sahəni (8 hektara yaxın) əhatə etməsi ilə seçilir. Burada aparılan qazıntı zamanı çiy kərpicdən inşa olunmuş və daxili arakəsmələri olan dairəvi planlı iki otaq, boyanaxışlı qablar da daxil olmaqla zəngin dulusçuluq məmulatı aşkar edilib. Bu tikililərdən altda daha iki çiy kərpic divarın qalığına, Şimal-Qərbi İranda Hacı Firuz abidəsi üçün səciyyəvi naxışlı saxsı qab nümunələrinə rast gəlinib.

Məqalədə Kamiltəpə Neolit yaşayış məskənində ardıcıl tədqiqatlar zamanı açılan kərpic platforma haqqında geniş danışılır və qeyd edilir ki, hündürlüyü 2,6 m, diametri isə 24 m olan bu tikilinin inşası üçün çox böyük işçi qüvvəsi və əmək sərf olunub. Cənubi Qafqazda bu monumental abidə ilə müqayisə olunacaq başqa bir tikili məlum deyil. Hesab etmək olar ki, Kamiltəpə eramızdan əvvəl VI minilliyin ortalarında Mil düzü məskənləri arasında mərkəz rolunu oynayıb. Mobil şəkildə burada toplaşan və möhkəmlənən icmalar iri tikililər ucaldıb, platforma üzərindəki meydançada birgə yeməklər hazırlayıb şənlik və digər ritual tədbirlər həyata keçiriblər. Bütövlükdə isə intensiv tədqiqatar və arxeoloji qazıntılar nəticəsində əldə olunan zəngin materiallar e.ə. VI minilliyin ortalarında Mil düzündə ilk məskunlaşmanın rekonstruksiyasına imkan verib.

Kamiltəpə və onun ətrafında aparılan tədqiqatlar haqqında xarici ölkələrdə iki kitab və onlarla məqalə dərc olunub.

Qeyd edək ki, məqalənin digər həmmüəllifləri olan Almaniyanın Kristian Albert adına Kil Universitetinin əməkdaşı, doktor Andrea Riççi, Azad Berlin Universiteti Yaxın Şərq Arxeologiyası departamentinin əməkdaşı Maria Bianka D`Anna və Sidney Universitetinin (Avstraliya) Arxeologiya Departamentinin əməkdaşı doktor Barbara Helvinq Mil-Qarabağ bölgəsində azərbaycanlı həmkarları ilə birgə artıq uzun müddətdir ki, arxeoloji tədqiqatlar aparmaqdadırlar.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi