Ru
Bakı
USD
EUR
GBP
RUB

İsmayıllıda könüllülərin birinci ümumrayon toplantısı keçirilib

news photo

04.02.2020 08:06 // Gənclər üçün

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da gəncliyimizin fəallığına, könüllülük fəaliyyətinin daha geniş vüsət almasına təkan verib. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşü ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər. Ölkə rəhbərinin gəncliyə verdiyi önəmi, diqqət və qayğını yüksək qiymətləndirən Azərbaycan gəncləri bu etimadı könüllülük fəaliyyətində doğrultmağa çalışırlar.

Bu fikirlər İsmayıllıda rayon mədəniyyət mərkəzinin 300 nəfərlik zalında təşkil olunan könüllülərin birinci ümumrayon toplantısında səsləndirilib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar. Sonra rayon rəhbərləri, qonaqlar, gənclər mədəniyyət mərkəzinin foyesində təşkil olunan sərgiyə baxıblar. Burada onlar yaradıcı gənclərin əl işləri, rəsm əsərləri, sənətkarlıq nümunələri ilə tanış olublar.

Könüllülərin birinci ümumrayon toplantısı dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra aparıcılar könüllülük fəaliyyəti və ölkə rəhbərinin müvafiq Sərəncamı ilə elan olunmuş “Könüllülər ili” barədə məlumat veriblər. Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov “Könüllülər ili”nin gənclərdə yaratdığı yüksək əhval-ruhiyyədən, qısa vaxtda görülən işlərdən danışıb.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək könüllülük fəaliyyətinin milli-mənəvi dəyərlərimizə bağlı bir hərəkat olduğunu, ölkə başçısının 2020-ci ili “Könüllülər ili” elan etməsini, Azərbaycan gəncliyinə, onun gələcəyinə diqqət və qayğısının parlaq nümunəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan könüllüləri Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin reallaşmasında əvəzsiz rol oynayıblar.

İcra başçısı vurğulayıb ki, bütün ölkədə geniş miqyas alan, çox sahələri əhatə edən könüllülük hərəkatı İsmayıllıda da çoxsaylı tərəfdarlarını ətrafına toplayıb. Rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb.

Toplantıda respublika Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatı ilə əlaqədar ətraflı danışıb, həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

İsmayıllı rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru, fəal könüllü İsmayıl Faxtiyev, 2016-cı il Aprel döyüşlərinin könüllü döyüşçüsü Zeynal Adgözəlov, İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi Tatyana Jabina, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Gülsüm Əsgərli və başqaları çıxış edərək Prezidentin ölkə gənclərinə verdiyi yüksək önəm, diqqət və qayğısından danışıb, könüllülük hərəkatının gənclərin inkişafında, milli-mənəvi tərbiyəsində əhəmiyyətini diqqətə çatdırıblar.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov bir qrup gəncə sertifikatlar təqdim edib.

Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sonda yerli musiqiçilərin ifasında rəngarəng konsert proqramı təqdim edilib.

 

AZƏRTAC

Digər xəbərlər

Xəbər lenti

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi