Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunun bir qrup tələbəsi dağ yəhudiləri sinaqoqunu ziyarət edib (FOTO)

news photo

15.05.2019 16:13 // Cəmiyyət

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi paytaxtdakı dağ yəhudiləri sinaqoqunu ziyarət edib.

Aİİ-dən Youthportal.az-a verilən məlumata görə, rektor Ceyhun Məmmədov tələbələrə Azərbaycanda yaşayan yəhudilər haqqında məlumat verib. O, yəhudilərin ölkəmizdə uzun əsrlər boyu digər xalqların nümayəndələri ilə çiyin-çiyinə yaşadıqlarını söyləyib. Qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.

Vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır.

C.Məmmədov daha sonra qeyd edib ki, Azərbaycanda yaşayıb fəaliyyət göstərən azsaylı xalqın nümayəndələrindən biri olan dağ yəhudiləri cəmiyyətimizin bütün sahələrində dərin iz qoyublar. Azərbaycan torpaqlarının ərazi bütövlüyü təhlükə altına alınarkən, onlar da kənarda qalmayıblar. Cəsur tankçı Albert Aqarunov 1992-ci ilin mayında Şuşa şəhəri uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olub və ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Onun xatirəsi indiyədək Azərbaycan xalqının qəlbində yaşayır.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən artıq tarixi var. M.Yevdayev Azərbaycanın tolerantlıq rəmzi olduğunu və burada bütün dinlərin nümayəndələrinə eyni münasibətin göstərildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Digər konfessiyaların nümayəndələri kimi, yəhudi icmasının üzvləri də dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.

Daha sonra Aİİ tələbələrinin yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında sualları cavablandırılıb.

Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi