Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər və İdman Nazirliyində 3 beynəlxalq yarışdan qayıdan idmançılarla görüş keçirilib (FOTO)

news photo

30.01.2019 17:27 // İdman

Bu gün Gənclər və İdman Nazirliyində Fransanın paytaxtı Parisdəki Karate1 Premyer Liqa turnirində, İsrailin paytaxtı Təl-Əvivdəki cüdo üzrə Qran-pri yarışında və İsveçrənin Sankt Morits şəhərindəki ənənəvi qış polosu üzrə Dünya Kubokundan qayıdan “Land of Fire” komandasının üzvləri ilə görüş keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə nazir müavini İsmayıl İsmayılov mükafatçıları təbrik edib.

O, 2019-cu ilin önəmindən danışıb: "Ölkəmiz üçün ən məsuliyyətli illərdən biridir. Qarşıdan "Minsk-2019" II Avropa Oyunları gəlir. Həmçinin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər başlayıb. Azərbaycanda cüdo növü inkişafdadır. Bu sahəyə göstərilən diqqət öz bəhrəsini verməkdədir. Bundan sonra da cüdoçularımızın daha böyük uğurlar əldə edəcəklərinə inanıram. Karateçimiz Rafael Ağayevi də təbrik edirəm. Onun "Tokio 2020"də də sözünü deyəcəyinə əminəm. Sevindirici haldır ki, karate olimpiya proqramına daxil edilib. "Land of Fire"ın kollektiv idman növündə uğur qazanmasını xüsusi qeyd edərdim. Bu uğurda federasiya rəhbərliyinin də rolunu vurğulamaq yerinə düşər. Azərbaycanda idmana göstərilən diqqət və qayğı daim öz bəhrəsini verməkdədir. Təkcə may ayında Azərbaycanda 8 beynəlxalq yarış keçiriləcək. Bu da bizim idman ölkəsi olmağımızın bariz nümunəsidir".

Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev deyib ki, polo idman növünün yenidən olimpiya proqramına daxil ediləcəyinə ümid edirlər: "Polo komandamız bir neçə dəfə adını idman tariximizə yazdıra bilib. İsveçrədə keçirilən yarış elit turnirdir, donmuş gölün üzərində baş tutur. Üçüncü yer uğrunda görüşdə 5:0 hesabı ilə qalib gəldik. İlk dəfə Qarabağ atları bu yarışda şou göstərdi. 2020-ci il Avropa çempionatı Azərbaycanda keçiriləcək. Sentyabr-oktyabr aylarına planlaşdırılan yarışda 8 komanda iştirak edəcək. Ümid edirik ki, polo idman növü yenidən olimpiya proqramına qaytarılacaq".

Cüdo üzrə millinin böyük məşqçisi Elxan Məmmədovun sözlərinə görə, Qran-pri ərəfəsində bir neçə idmançı problemlə üzləşib: "İlin ilk yarışı idi. Nəticəni uğurlu saymaq olar. Ancaq bundan da yaxşı nəticə gözləyirdik. Təəssüf ki, Orxan Səfərov, Hidayət Heydərov və Rüstəm Orucov yarış ərəfəsində xəstələndilər. Elmar Qasımov isə ilk görüşdə zədələndi. Bu da onların çıxışına mənfi təsir göstərdi. Sevindirici haldır ki, yığmada Murad Fətiyev peyda olub. Onun olimpiadada iştirak edəcəyinə ümid bəsləyirik. Qrafikimiz çox sıxdır. Yaxın vaxtlarda Yaponiya və Fransada təlim-məşq toplanışlarımız olacaq".

Beşqat dünya və onikiqat Avropa çempionu Rafael Ağayev bütün idmançıların 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı hədəflədiklərini vurğulayıb: "Məqsədimiz olimpiadaya lisenziya qazanmaq və orada da uğur qazanmaqdır. Parisdə çənəmdən zədə almışdım, 3 tikiş atdılar. Amma bu zədə bizi durdura bilməz. Yeni baş məşqçimizdən təkcə mən yox, hamımız razıyıq. Məşq prosesində hər şey çox gözəldir. Yarışda medal qazanandan sonra otelə qayıtdıq və hamımız birgə 45 dəqiqə qaçdıq. Bu, çox şeydən xəbər verir. Dizimdə və əlimdə böyük zədə var, əməliyyat olunmalıdır. Amma belə olsa, 3 ay yarışa qatılmayacaq və reytinqdə 1-ci yerdən 3-4-cü pilləyə enəcəyəm".

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov da bütün mükafatçıları təbrik edib: "Karatedə rəqabət artıb. Finalda məğlubiyyətə rəğmən, yaponlar da deyirlər ki, Rafael Ağayev məğlubedilməzdir və dünya karatesində iz qoyub. Onun olimpiadanın da qalibi olmasını istərdik. Çalışacağıq ki, ilboyu sözümüzü yarışlarda deyək".

Y.Bəşirov Premyer Liqada final görüşü zamanı Rafael Ağayevə hakimlərin haqsızlıqlıq etdiklərini diqqətə çatdırıb: "Rafaelin zərbəsinə xal verilməli idi. Bunu beynəlxalq federasiyanın rəsmilərinə bildirəcəyik".

Yığmanın böyük məşqçi Qurban Tağıyev karate növünün Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsinin önəmini vurğulayıb. O, olimpiadadan əvvəl "Minsk-2019" II Avropa Oyunlarına vəsiqə qazanmağa çalışacaqlarını deyib.

AMKF-in baş katibi Mirhəsən Seyidov isə idmançıların "Tokio 2020"yə lisenziya xalları əldə etmələrini prioritet seçdiklərini bildirib. M.Seyidov bu baxımdan 2019-cu ilin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, Parisdə Azərbaycan karateçilərindən Rafael Ağayev (75 kq) gümüş medal qazanıb. Təl-Əvivdə İrina Kinderzka (+78 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal əldə edib. "Land of Fire" isə İsveçrədə 3-cü yeri tutub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi