Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-Prisinin favoritləri

news photo

26.04.2019 15:03 // Formula 1

Formula 1-in rəsmi saytında SOCAR Azərbaycan Qran-Prisinin favoritləri haqqında geniş məqalə dərc olunub. Məqalənin tərcüməsini təqdim edirik.

Bu həftə Formula 1 yüksək sürətli şəhər treki olan Bakı Şəhər Halqasına qayıdır. İndiyədək burada keçirilmiş üç yarış Formula 1 tarixində proqnozlaşdırılması çətin və ən xaotik yarışlardan olub. Buna baxmayaraq, biz yenə də builki yarışın nəticələrinə dair bəzi təxminlər edə bilərik...

Bu il poulu kim qazana bilər?

İndiyədək Bakıda 3 dəfə poul qazanılıb və hər dəfə buna fərqli pilot yiyələnib. İlk yarışda – 2016-cı ildə Niko Rozberq, 2017-ci ildə Luis Hamilton və 2018-ci ildə Sebastian Fettel sıralanma turunda ən sürətli nəticə göstərərək yarışa öndə başlayıb.

Bu il Hamilton və ya Fettel buna yiyələnsə, bizim üçün sürpriz olmayacaq. Qeyd edək ki, Fettel Bakıda indiyədək keçirilmiş hər üç Qran-Pridə qriddə yarışa ilk dördlükdən başlamış yeganə pilotdur. Digər tərəfdən, Honda bu həftə Bakıya daxiliyanma mühərrikində bəzi dəyişikliklərlə gəlir və bu da Maks Ferstappenin ilk poul arzusuna çatmasına kömək göstərəcək.

“Mercedes”in digər pilotu Valteri Bottas cari mövsümün ən sonuncu yarışı olan Çin Qran-Prisində poula yiyələnib və buna görə də Bakıya yüksək əhval-ruhiyyədə gəlir. Valteri Bottas “Mercedes” komandasının sürücüsü kimi Bakıda mübarizə apardığı hər iki Qran-Pridə yarışa ilk üçlükdə start verib. Finlandiyalı sürücü bu həftə karyerasının ikinci poulunu əldə edə biləcəkmi?

Qələbə üçün kimin şansı çoxdur?

Bakıda üç yarış və hər yarışda da fərqli qalib... və onlardan sadəcə biri bu bazar günü keçiriləcək yarışın favoritlərindən sayılır. Qaliblərdən Niko Rozberq 2016-cı ildə Avropa Qran- Prisində qələbə qazandıqdan sonra həmin mövsümün sonunda karyerasını başa çatdırıb. Odur ki, onu bu siyahıdan çıxara bilərik. 2017-ci ildəki Azərbaycan Qran-Prisinin qalibi Daniel Rikkardo yarışa 10-cu sırada başlamışdı və hazırda “Renault” komandasında bu nəticəni təkrarlaması imkansız görünür. Ötənilki yarışın qalibi Luis Hamilton bundan əvvəlki iki yarışda 5-ci yerdən yaxşı nəticə göstərə bilməmişdi.

Tövsiyə edirik ki, bu həftəsonu Valteri Bottas və Şarl Lekleri xüsusi diqqətlə izləyin. Lekler Bakıda yaxşı formadadır. Xatırladaq ki, 2017-ci ildəki Formula 2 yarışından bir neçə gün əvvəl atasının ölümü ilə bağlı dərin kədərinə baxmayaraq o, qələbə qazanmışdı. Ötənilki Azərbaycan Qran-Prisində isə o, Formula 1-dəki ilk çıxışında Sauber pilotu olaraq yarışı 6-cı yerdə başa vurmuşdu. “Ferrari”nin düz yollardakı yüksək sürəti və döngələrdəki yaxşı performansı Lekleri bu yarışın favoritlərindən biri edir.

Hamilton ötən il Bakıda keçirilən Qran-Pridə yarışın sonlarına doğru Bottasın bolidinin təkərinin partlaması səbəbindən qələbə qazana bilmişdi. Keçənilki yarışı Bottas birinci yerdə başa vura bilsəydi, həmin mövsümün ilk qələbəsinə yiyələnəcəkdi. Deməli, bu il Bottas Bakıya daha böyük qələbə arzusu ilə gəlir.

“Red Bull”a gəlincə, ötən il bu komandanın pilotları Daniel Rikkardo və Maks Ferstappen ən uzun düz yolun sonunda döngəyə yaxınlaşarkən toqquşdular və hər ikisi yarışı başa vura bilmədi. Bu hadisədə hər iki pilot eyni dərəcədə günahkar sayıldı. Bu həftə Bakıda keçiriləcək Formula 1 “Red Bull”un bu mövsümdə indiyədək qələbə şansı ən yüksək olan Qran-Pri yarışıdır.

Podiuma ən yaxın kimdir?

Serxio Peres. Əslində o, podiumdan çox az halda kənarda qalır. Bakıda indiyədək keçirilmiş üç yarışda meksikalı pilot iki dəfə (2016 və 2018) podiuma çıxıb və bu göstərici ilə o, Bakıdakı yarışlarda fəxri kürsüdə ən çox yer almış Formula 1 pilotudur. Peresin “Racing Point”dəki yeni komanda yoldaşı Lens Strol da 2017-ci ildə Bakıda podiuma çıxa bilib. Onlar komandada bir-biri ilə çox yaxşı anlaşırlar və bu, onların 2019-cu ildə podium naminə əməkdaşlığına yaxşı təsir göstərəcək.

Digər komandalar da, əlbəttə, həvəsləndirilməlidir. Ona görə ki, Bakıda keçirilmiş ilk yarışdan – 2016 Formula 1 Avropa Qran-Pirisindən bəri baş tutmuş 58 yarışın 55-də “Ferrari”, “Red Bull” və “Mercedes” pilotları podiuma çıxıb. Qalan üç yarışda digər komandaların pilotları podiuma qalxa bilib ki, bu da məhz Bakıda reallaşıb.

Daha bir maraqlı məqam odur ki, indiyədək podiuma çıxmış doqquz pilotdan beşi yarışa ilk beşliyin ardından start verib. Builki dəyişikliklər pilotlara Neftçilər prospektindəki 2,2 kilometrlik düz sürət yığma yolundan daha yaxşı yararlanmağa kömək göstərəcək. Nəticədə builki Azərbaycan Qran-Prisi orta səviyyədə olan komandalar üçün də podiuma çıxmaq imkanı yaradır.

Onu da qeyd edək ki, Bakı Şəhər Halqası son iki mövsüm ərzində ötmələr baxımından Formula 1 təqvimində yer alan treklər arasında ən yüksək göstəriciyə malikdir: 2017-ci ildə 42 və 2018-ci ildə 50. 2016-cı ildəki ilk yarışda Bakı Şəhər Halqası mövsümün ən çox ötmələr qeydə alındığı trek olmasa da, 62 ötmə ilə ön sıralarda yer alıb.

Kimlər yarışdan xal qopara biləcək?

Adətən bu məqamda Niko Hulkenberq yada düşür, lakin indiki yarış istisna təşkil edə bilər. Azərbaycandakı son iki yarışda almaniyalı pilot bolidini iki dəfə maneəyə çırpıb. Hər dəfə də bu, onun yarışı beşinci sırada başa vurması ilə nəticələnib. Bu baxımdan Nikodan ötrü mərcə girməyə dəyər.

Nikonun komanda yoldaşı Daniel Rikkardo Bakıda ötən il keçirilmiş Qran-Prinin qalibidir və o, həmin mövsüm ərzində xeyli xal yığa bilmişdi. Bundan başqa, Karlos Saynzın da bu həftəsonu xal qazanmaq şansı var. İspaniyalı pilot son iki mövsümdə yarışı ilk 10-luqda başa vura bilib. Onu qeyd edək ki, “McLaren”in bolidi Bakının uzun düz sürət yığma yolunda yaxşı nəticə əldə edə biləcək səviyyədədir.

Haasa gəldikdə isə, bu komandanın texniki heyəti Azərbaycan Qran-Prisinin onlar üçün çətin keçəcəyi qənaətindədir. Onlar üçün əsas məsələ hər iki pilotun - Roman Qrojan və Kevin Maqnussenin bolidlərindəki təkər problemlərini tezliklə aradan qaldırmaqdır. Bu baxımdan bazar günü onlar üçün gərgin və uzun keçəcək.

AZƏRTAC

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi