Ru
Bakı
USD
EUR
GBP
RUB

“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı olub

news photo

10.01.2019 14:29 // Cəmiyyət

Yanvarın 10-da Milli Kitabxananda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, AMEA-nın müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, əvvəlcə iştirakçılar görkəmli alimin XX əsrin 50-60-cı illərindən kitabxanada saxlanılan kitablarının sərgisi ilə tanış olublar. Sərgidə Afad Qurbanovun Azərbaycan dilçiliyi, ümumi dilçilik və türkoloji dilçiliyə dair dərslikləri və monoqrafiyaları, habelə barəsində yazılmış kitablar və müxtəlif tarixlərdə sovet dövrünün görkəmli alimləri tərəfindən hədiyyə olunan nəşrlər yer alıb.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın öz müəlliminə həsr etdiyi “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı keçirilib.

AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin filologiya üzrə nümayəndələri iştirak ediblər.

Təqdimatı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Mövsüm Nağısoylu açaraq görkəmli dilçi alim Afad Qurbanovun həyat və yaradıcılığından danışıb və onun geniş elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidməti olduğunu qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, akademik, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan dilçiliyində elmi məktəbin banisi Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr verib, fundamental əsərlər yaradıb, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloqlarımızdan olub.

Kitabın müəllifi, professor Sayalı Sadıqova bildirib ki, institutun elmi şurasının qərarı ilə nəşr olunmuş monoqrafiyada görkəmli alim Afad Qurbanovun çoxşaxəli yaradıcılıq irsindən, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, Azərbaycan dilçiliyində antroponimika, Azərbaycan toponimləri, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqindən bəhs olunub.

Təqdimat mərasimində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri professor Buludxan Xəlilov, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru İradə Kərimova və başqa alimlər çıxış ediblər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi