Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması başa çatıb (FOTO)

news photo

18.03.2019 20:49 // Təhsil

Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışması başa çatıb.

Nazirlikdən Youthportal.az-a bildiriblər ki, bilik yarışması “SABAH” qruplarında təhsilin keyfiyyətinin artırılması və onun təşviq edilməsi, elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələrin sağlam rəqabət şəraitində aşkara çıxarılması və onların inkişafına təkan verilməsi məqsədilə keçirilib.

Bilik yarışmasında ümumilikdə 9 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti) 800-dək “SABAH” qrupu tələbəsi qeydiyyatdan keçib. Ötən illə müqayisədə bilik yarışmasında iştirakçıların sayı 40 faizədək artıb.

Riyaziyyat üzrə bilik yarışması riyazi analiz, diferensial tənliklər, xətti cəbr, ehtimal nəzəriyyəsi, müəllimlik üzrə bilik yarışması pedaqogika, psixologiya, nitq mədəniyyəti, kurikulum, informasiya texnologiyaları üzrə bilik yarışması isə verilənlərin strukturu, verilənlər bazası sistemləri istiqamətlərini əhatə edir.

Yarışmaların birinci mərhələsi müvafiq olaraq fevralın 25 və 27-də, martın 1-də, ikinci və final mərhələləri isə martın 11, 13 və 15-də Bakı Dövlət Universitetində (riyaziyyat üzrə), Azərbaycan Dövlət Pedaqoji Universitetində (müəllimlik üzrə) və Azərbaycan Texniki Universitetində (informasiya texnologiyaları üzrə) keçirilib.

Bilik yarışmasının I mərhələsinin nəticələrinə görə, 160-dan çox “SABAH” tələbəsi ikinci mərhələdə iştirak edib. Bu mərhələdən uğurla keçən və II mərhələdə iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Final mərhələsində riyaziyyat üzrə 7, müəllimlik üzrə 14 və informasiya texnologiyaları üzrə 7 tələbə iştirak edib.

Riyaziyyat üzrə bilik yarışmasının final mərhələsində I yeri Süleyman Bağırov, II yeri Rübabə Hüseynova, III yeri isə Aygül Bayramova tutub. Müəllimlik üzrə keçirilən bilik yarışmasında I yerə Mərziyyə Əzməmmədova, II yerə Çərkəz Kazımova, III yerə Flora Bayramova layiq görülüb. İnformatika üzrə isə I yeri Süleyman Bağırov, II yeri Aygül Bayramova, III yeri Murad Qaraşov əldə edib.

Bilik yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi aprel ayında Bakı Dövlət Universitetində təşkil olunacaq.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi