Ru
Bakı
USD
EUR
GBP
RUB

BDU alimləri Anxoy Universitetinin nümayəndə heyəti ilə birgə seminar keçiriblər

news photo

25.04.2019 10:47 // Təhsil

Aprelin 23-də Bakı Dövlət Universiteti (BDU) nəzdində Konfutsi İnstitutunda BDU alimlərinin Anxoy Universitetinin partiya təşkilatı katibi Li Renqunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Bir qurşaq, bir yol” təşəbbüsünün reallaşdırılmasına dair seminarı keçirilib.

Youthportal.az xəbər verir ki, BDU nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Oqtay Cəlilbəyli qeyd edib ki, BDU və Anxoy Universiteti arasında əməkdaşlıq on ilə yaxındır davam edir. İki universitet 2011-ci ildə Xanban – Konfutsi İnstitutları Mənzil-qərargahının dəstəyi ilə BDU nəzdində Konfutsi İnstitutunu yaradıb. Bu institut yeddi ildən çox müddətdir ki, fəal işləyir və artıq Azərbaycan-Çin münasibətlərində mühüm körpüyə çevrilib. Ötən il Anxoy Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Universitetlərin əməkdaşlığı müsbət nəticələrini göstərir. O.Cəlilbəyli vurğulayıb ki, CXR-də irəli sürülmüş “Bir qurşaq, bir yol” təşəbbüsü uğurla həyata keçirilir. Azərbaycan layihənin marşrutunun mühüm qovşağı kimi bu prosesdə fəal iştirak edir və ona dəstək verir. Məlum olduğu kimi, “Bir qurşaq, bir yol” ikinci Beynəlxalq Forumu aprelin 26-27-də Pekində keçiriləcək. Azərbaycan Prezidenti bu forumda iştirak edəcək. Bu kontekstdə “Bir qurşaq, bir yol” təşəbbüsünün reallaşdırılması məsələlərinin müzakirəsi böyük əhəmiyyət kəsb edir.

Anxoy Universitetinin partiya təşkilatı katibi Li Renqun göstərilən qonaqpərvərliyə və dəstəyə görə BDU rəhbərliyinə təşəkkür edib. O qeyd edib ki, “Bir qurşaq, bir yol” təşəbbüsünün həyata keçirilməsindən sonra son illər Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əlaqələr daha da möhkəmlənib. Li Renqun məmnunluqla vurğulayıb ki, səfərin ilk günü nümayəndə heyəti Çinin Azərbaycandakı səfirliyində olub. Səfirlik BDU nəzdində Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib. O, eyni zamanda əminliklə bildirib ki, Anxoy Universitetindəki Azərbaycanşünaslıq Mərkəzi yetərincə yaxşı fəaliyyət göstərir və iki universitet arasında əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək. Bu mərkəz Azərbaycan mədəniyyəti, iqtisadiyyatı və s. ilə tanış olmaq üçün yaxşı platforma olacaq. Sonda Li Renqun ümidvar olduğunu bildirib ki, BDU-nun rektoru və bütün rəhbərliyi gələcəkdə də BDU nəzdində Konfutsi İnstitutunun və Anxoy Universitetindəki Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dəstəkləməkdə davam edəcək.

Sonra Azərbaycan coğrafiyası kafedrasının müdiri, professor Çingiz İsmayılov layihə ilə bağlı mülahizələrini bölüşüb, Azərbaycanın fəal iştirak etdiyi bir sıra qlobal və regional nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Ələt limanı və s. diqqətə çatdırıb. O, tullantıların utilizasiyası, dayanıqlı iqtisadi inkişaf və turizm sahələrində Çinin təcrübəsindən istifadə edilməsinin vacibliyini vurğulayıb. Ç.İsmayılov ümidvar olduğunu bildirib ki, BDU nəzdində Konfutsi İnstitutunun və Anxoy Universitetindəki Azərbaycanşünaslıq Mərkəzinin dəstəyi ilə iki universitet gələcəkdə də birgə layihələr həyata keçirəcək.

Anxoy Universiteti beynəlxalq şöbəsinin müdiri Hu Xueven “Bir qurşaq, bir yol” təşəbbüsünün strategiyasından bəhs edib. Onun sözlərinə görə, bu, yeganə marşrut deyil. “Bir qurşaq, bir yol” təşəbbüsü qarşılıqlı faydalı əməkdaşlıq və birgə tərəqqi yoludur. Layihə 65 ölkəni, o cümlədən Azərbaycanı əhatə edir və ÇXR-in Sədri Si Tszinpinin qloballaşma və bəşəriyyətin ortaq taleyi konsepsiyasına uyğundur.

Seminarda Anxoy Universitetinin müxtəlif institutlarının direktorları çoxlu konkret və faydalı təkliflər irəli sürüblər.

Anxoy Universitetinin partiya təşkilatı katibi Li Renqun yekun nitqində seminarın işindən və çıxışlardan məmnunluğunu ifadə edib. O əlavə edib ki, Çin və Azərbaycan arasında əməkdaşlığın inkişafı və dostluq əlaqələrinin möhkəmlənməsi təkcə obyektiv ehtiyaclardan deyil, həmçinin iki ölkənin xalqlarının subyektiv istəyindən irəli gəlir.

Seminar iştirakçıları xatirə şəkli çəkdiriblər.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi