Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib (FOTO)

news photo

23.10.2018 18:09 // Gənclər üçün

Oktyabrın 23-də “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, elm və təhsil müəssələrinin nümayəndələri, gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra respublikamızda istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

Toplantıda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan gəncliyinin inkişafı üçün ölkəmizdə geniş yaradıcılıq mühitinin olduğunu vurğulayıb. Nazir ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdığını, gənclərlə bağlı bir çox yeniliklərə imza atıldığını, yeni nazirliyin təsis olunduğunu, mühüm istiqamətlərin müəyyən edildiyini, Dövlət proqramlarının həyata keçirildiyini bildirib.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı demək olar ki, ölkəmizin bütün sahələrini əhatə edən, gənclərə istiqamət verən mühüm sənəddir. Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar. Bütün bunlar yüksək yaradıcılıq tələb edən amillərdir.

“Biz öz gəncliyimizə böyük nikbinliklə baxır, onların uğurları ilə qürur duyuruq. Bu gün gənclərimiz Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil etməyə, ölkəmizin adını uca tutmağa nail olublar”, - deyə Əbülfəs Qarayev vurğulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, toplantı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilir. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsinin dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirən nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” konsepsiyası bu gün uğurla həyata keçirilir.

Gənclərin milli kompüter oyunlarına marağının get-gedə artdığını vurğulayan İ.Babayev belə yarışların əhəmiyyətini xüsusi qeyd edərək, ölkəmizdə kreativ düşüncəli və bacarıqlı gənclərin olmasından məmnunluğunu bildirib. Yaradıcı gənclərdən ibarət kompüter oyunları üzrə peşəkar komandaların formalaşdığını vurğulayan nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağla bağlı kompüter oyunlarının istifadəyə verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu oyunlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm təbliğat vasitəsidir. Sevindirici haldır ki, gənclərimiz bu sahədə fəal iştirak edir, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması işinə layiqli töhfə verirlər.

Əlilliyi olan istedadlı gənclərin yaradıcılıqlarının reallaşdırılması sahəsində görülən işlərdən danışan İntiqam Babayev bu qəbildən gənclərin sosial inteqrasiyası və adaptasiyasında “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalının və digər tədbirlərin önəmini vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda gənclərin inkişafına dəstək verilməsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək bunun üçün hər cür şəraitin yaradıldığını deyib. Bildirib ki, gənclərin himayədarı olan ümummilli lider Heydər Əliyev ölkəmizdə hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Azərbaycanda istedadlı gənclərin potensialının daha da artırılması, onların stimullaşdırılması, yaradıcı fəal gənclərin mükafatlandırılması, ali məktəblərə qəbul imtahanlarında yüksək bal yığmış gənclər üçün prezident təqaüdlərinin təsis olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin gənclərin inkişafına, onların bilik və bacarıqlarının artırılmasına, yeni dövrün tələblərinə uyğun yetişmələrinə daim yüksək diqqət yetirdiyini vurğulayan Firudin Qurbanov bunun sayəsində gənclərimizin beynəlxalq arenalarda parlaq nailiyyətlər qazandıqlarını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev dinamik inkişaf edən Azərbaycanda gənclərimizin yüksək təhsil almaları üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıb. Ölkəmizdə gənclərə bütün sahələrdə böyük etimad göstərildiyini vurğulayan Elçin Babayev bildirib ki, dövlətimizin başçısı bu istiqamətdə müxtəlif sərəncamlar imzalayıb, Dövlət proqramlarını təsdiq edib. Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Prezident Administrasiyasında gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması bu sahəyə göstərilən diqqət və qayğının bariz göstəricisidir.

Gənclər siyasətinin həyata keçirilməsində müxtəlif gənclər təşkilatlarının birgə səmərəli fəaliyyətinin əhəmiyyətini diqqətə çatdıran icraçı direktor Azərbaycanda insan kapitalına böyük sərmayə qoyulduğunu vurğulayıb. Qeyd edib ki, gənclərimiz göstərilən etimadı doğrultmaq üçün bilikli, savadlı olmalı, müasir texnologiyaları mənimsəməli, xarici dilləri öyrənməlidirlər. Prezident İlham Əliyev qarşımıza vəzifə qoyub ki, ölkəmiz regionun siyasi-iqtisadi sahədə lider dövləti olduğu kimi, bölgənin beynəlxalq elm mərkəzinə də çevrilməlidir. Gənclik orta və yaşlı nəsillə birlikdə bu məqsədə doğru birgə hərəkət etməlidir.

AMEA-nın akademik-katibi, Akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Akademiyanın qarşısında duran vəzifələrdən danışıb. Son illər AMEA-nın bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirdiyini bildirən alim deyib ki, Akademiyanın, Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib. Həmin tədbirdə gənc alimlərimiz dövlətin diqqət və qayğısına cavab olaraq müstəqil Azərbaycanın inkişafına yeni və daha böyük töhfələr vermək üçün öz üzərilərində səylə çalışmağın zəruriliyini yekdilliklə ifadə ediblər. Bu istiqamətdə əsas məqsəd gəncliyin intellektual potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılmasıdır.

İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısının rəsmi açılış mərasimindən sonra keçirilən bölmə iclaslarında dövlət və yaradıcı qurumların nümayəndələri, gənclər və ekspertlər müxtəlif yaradıcılıq istiqamətlərində təhlillər və müzakirələr aparıb, inkişaf perspektivlərinə nəzər yetiriblər.

Günün ikinci yarısında görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə intellektual inkişaf, elm, təhsil, kino, teatr, ədəbiyyat, musiqi və rəqs, təsviri və dekorativ-tətbiqi sənət, foto və s. istiqamətlər üzrə paralel görüşlər keçirilib.

İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısında ölkəmizin bütün şəhər və rayonlarından ümumilikdə 500-dən artıq istedadlı gənc iştirak edib.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi