Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda ilk dəfə “Port Festival” keçirilir

news photo

25.05.2019 11:21 // İqtisadiyyat

Mayın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında "açıq qapı" günü formatında "Port Festival 2019" keçirilir.

Xəzər dənizi regionunda ilk dəfə bu formatda keçirilən tədbirdə Bakı və Şirvan şəhərləri, Qaradağ, Salyan, Hacıqabul, Sabirabad, Neftçala rayon sakinləri, məktəbli və yeniyetmələr iştirak edir, yeni və müasir standartlara uyğun inşa edilən limanla tanış olmaq imkanı qazanırlar. Tədbirdə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətləri, Azərbaycanda akkreditə olunmuş diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov qeyd edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər nəticəsində 2018-ci il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan yeni Bakı Limanı Xəzər dənizinin ən böyük limanlarından biridir. Hazırda liman Mərkəzi Avrasiya regionunda mühüm nəqliyyat və logistika qovşağına çevrilməkdədir, dünyanın aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə faydalı əməkdaşlıq qurmaqdadır.

T.Ziyadovun sözlərinə görə, yeni Bakı Limanında müasir dünya standartlarına uyğun yaradılan infrastruktur, görülən işlərin ölkəmizə, o cümlədən ətraf rayon və qəsəbələrdə yaşayan əhalinin sosial rifahına göstərəcəyi müsbət təsirindən, əlavə iş yerlərinin açılması və görülmüş digər tədbirlərlə ictimaiyyəti tanış etmək baxımından "Port Festival"ın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

"Port Festival" dünyanın bütün iri liman şəhərlərində keçirilir. Yeni Bakı Limanında təşkil olunan festivalda 5 mindən çox insanın iştirak etməsi və hər il keçirilməsi nəzərdə tutulur.

Daha sonra festivala qatılan dövlət və özəl qurumların, səfirliklərin stendləri ilə tanışlıq olub.

Festival zamanı tədbirin müxtəlif tərəfdaşları həm uşaqlar, həm də böyüklər üçün müxtəlif əyləncəli və öyrədici oyunlar təşkil edib. Rəngarəng proqramı olan festivalda mini-qolf və mini-futbol meydançaları, ilkin tibbi yardım təlimi, robot şou, virtual reallıq kabinələri, ölkəmizin istedadlı gəncləri tərəfindən konteynerlərin üstündə qrafiti şou, fləşmoblar, şahmat oyunları, azyaşlılar üçün oyun meydançası, liman avadanlıqlarının sərgisi təşkil edilib.

Maraqlı hissələrdən biri isə Dövlət Sərhəd Xidmətinin helikopterinin liman akvatoriyasında xilasetmə əməliyyatının, Fövqəladə Hallar Nazirliyinin xilasetmə kater və avadanlıqlarının nümayişi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmi ilə gəzintinin təşkil edilməsi olub. Eyni zamanda liman əməkdaşları tərəfindən Bakı Limanının texniki və əməliyyat imkanları nümayiş etdirilib.

 

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi