Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı arxeoloqların məqaləsi Rusiyada dərc olunub

news photo

09.07.2019 19:15 // Təhsil

Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun “Arxeoloji tədqiqatın yeni materialı və vasitələri. Mənbənin tənqidindən məlumatların ümumiləşdirilməsi və şərhinədək” mövzusunda Moskvada keçirilən gənc alimlərin V beynəlxalq elmi konfransının dərc edilən materialları arasında azərbaycanlı arxeoloqların məqaləsi xüsusi marağa səbəb olub.

Məqalə Azərbaycanda tapılan xristianlığa qədərki antik Qafqaz Albaniyası dövrünə aid terrakot Məhsuldarlıq tanrıçasının (ilahəsinin) heykəlciyinə həsr edilib.

Ötən ilin fevral ayında Yevlax rayonunun Səmədabad kəndi yaxınlığında Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə aparılan tikinti işləri zamanı küp qəbir aşkar edilib. Tapıntının tədqiqinə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktorları, arxeoloqlar Dmitri Kiriçenko, Anar Ağalarzadə və Seymur Fərmanlı cəlb ediliblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqalənin müəllifləri Dmitri Kiriçenko və Anar Ağalarzadənin fikrinə görə, küp qəbir eramızdan əvvəl III-I əsrlər arasında xristianlığa qədərki antik dövr Qafqaz Albaniyası əhalisinə məxsus idi. Küp qəbir dəfnində insan skeletinin fraqmentləri ilə yanaşı, qurbanlıq heyvan qalıqları, 28 keramik məmulat, 3 tunc qolbaq, şüşə muncuqlar aşkar edilib. Dəfn dəstinə daxil qabların 8-də heyvan sümüklərinin aşkar edilməsi, qədim əhalinin dünyagörüşü ilə bağlı olaraq mərhumu “o dünyaya” azuqə ilə müşayiətini ehtiva edirdi.

Tapıntılar içində xüsusi olaraq terrakot qadın heykəlciyini qeyd etmək lazımdır. Onun hündürlüyü 17, qalınlığı 2,2 santimetr idi. Heykəlcik diskşəkilli altlıq üzərindədir.

Azərbaycan arxeoloqlarının sözlərinə görə, ilk dəfə analoji heykəlciklər 1946-1953-cü illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılarda aşkar edilib. Rusca dərc olunan məqalədə qeyd edilir ki, sonrakı illərdə oxşar heykəlciklər İsmayıllı, Qəbələ, Şamaxı, Göyçay, Qusar, həmçinin Qafqaz Albaniyasının etno-mədəni sərhədlərinə daxil olan müasir Ermənistanda və müasir Gürcüstanın bəzi bölgələrində, həmçinin müasir Rusiya Federasiyasının Dağıstan Respublikasının cənubunda, Dərbənddə aparılan arxeoloji qazıntılar zamanı həmdövr abidələrdən aşkarlanıb. Səmədabad kəndi yaxınlığında aşkar edilən heykəlciyin analoji tapıntılardan əsas fərqi məhz onun altlıq üzərində olmasıdır.

Arxeoloqların ümumi rəyinə görə, heykəlcik xristianlığa qədərki antik Qafqaz Albaniyasında geniş yayılan dini təsəvvürlərdəki sevginin və məhsuldarlığın təcəssümü olan Ana tanrıçasını (ilahəsini) simvolizə edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi