Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetində Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunub (FOTO)

news photo

21.12.2018 14:31 // Təhsil

Azərbaycan Universitetində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Öz oduna yanan şair” adlı tədbir keçirilib.

Universitetdən Youthportal.az-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin imzaladığı “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncama əsasən təşkil edilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə görkəmli şairin yaradıcılığı və qısa həyat yolu haqqında məlumat verilib, yaradıcılığından bədii hissə təqdim edilib. Vurğulanıb ki, Azərbaycan Universitetinin fəaliyyətini əks etdirən “Çağlayan” jurnalının adı təsadüfi seçilməyib. “Çağlayan” unudulmaz şair Mikayıl Müşfiqin sonuncu, işıq üzü görməmiş kitabının adıdır.

Kafedranın müdiri Ülviyyə Rəhimovanın çıxışı Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyə həsr olunub. Kafedra müdiri bildirib ki, 29 yaşında repressiya qurbanı olan görkəmli şair qısa zaman kəsiyində zəngin ədəbi irs yaradıb. Şairi cəmi 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edərək qətlə yetirənlər onu Azərbaycan xalqının yaddaşından və Azərbaycan ədəbiyyatından silə bilmədilər. Ü.Rəhimova deyib: “Mikayıl Müşfiqin pafosu, coşub-daşan ehtirası, həyat eşqi, hətta ölümünə gedən son anda belə sönməmişdir. Unudulmaz şairimiz haqqında Hüseyn Cavid “Müşfiq bir oddur ki, özünü yandıracaq” deyərək onun gələcək taleyini müəyyən etmişdi”.

Kafedranın professoru Asif Hacıyev Müşfiq poeziyasının bədii keyfiyyətləri haqqında məlumat verib, onun faciəli anlarla dolu həyatının müxtəlif məqamlarına diqqət çəkib. Asif Hacıyev qeyd edib ki, qısa müddətdə ədəbi mühitdə böyük nüfuz qazanan Mikayıl Müşfiqin yaradıcılığına Azərbaycan ədəbiyyatının Hüseyn Cavid, Səməd Vurğun kimi görkəmli nümayəndələri tərəfindən yüksək qiymət verilib. Azərbaycan ədəbiyyatının hər bir görkəmli simasının yaddaşlarda formalaşmış özünəməxsus obrazı var. Füzuli filosofdursa, Nizami müdrikliyin rəmzidir. Müşfiq isə ülvilik və gözəlliklə yanaşı, həm də nakamlığın və faciəviliyin simvoludur. Çünki onun çox qısa olan ömrünün son 4-5 ili mənəvi terrorla keçib. Mənəvi terror fiziki terrorla nəticələnib. Müşfiq 1956-cı ildə bəraət alıb.

Tədbirin bədii hissəsində tələbələr Rifat Əliyev, Çiçək Paşazadə və Sarvan Əliyev Mikayıl Müşfiqin sözlərinə yazılmış “Məhəbbət”, “Söylə”, “Dilbərim”, “Yaşa məhəbbətim” və “Sənə qurban” mahnılarını ifa ediblər. Aytəkin Kərimova, Məhəbbət Azadov, Lamiyə Nəcəfova, Aynurə Heydərova, Nərmin Məmmədli, Rəna Kərimova və Fəranə Mikayılova isə şairin şeirlərini səsləndiriblər.

Tələbələr tədbirə kafedranın dosenti Əminə İbrahimlinin rəhbərliyi ilə hazırlaşıblar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi