Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universiteti 2019-cu ildə beş elmi konfrans keçirəcək

news photo

11.01.2019 13:15 // Təhsil

Azərbaycan Universitetinin professor-müəllim heyəti tərəfindən 2018-ci ildə uğurlu elmi-tədqiqat işlərinə imza atılıb, tədqiqatyönümlü ali təhsil müəssisəsi statusuna nail olunması yolunda həyata keçirilən genişmiqyaslı işlər uğurla davam etdirilib, bu sahədə ciddi irəliləyişlərə nail olunub. Paralel olaraq universitetin beynəlxalq elmi nüfuzunun artırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılıb.

Universitetdən Youthportal.az-a bildiriblər ki, görülən işlərin məntiqi davamı olaraq 2019-cu ildə 2-si beynəlxalq, 3-ü isə respublika miqyaslı olmaqla beş elmi konfransın keçirilməsi planlaşdırılır.

Martın 15-də keçiriləcək Gənc tədqiqatçıların II Respublika elmi-praktik konfransının məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaqdır.

Azərbaycan Universiteti aprelin 25-27-də “V Avropa İqtisadi Konqresi”nə ev sahibliyi edəcək. Azərbaycan Universiteti, Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universiteti ilə birgə keçiriləcək beynəlxalq tədbirin işində iqtisadiyyat sahəsində dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin iştirakı gözlənilir. Konqresdə Azərbaycan iqtisadiyyatının aktual problemləri, dünya iqtisadi mühitinə inteqrasiya məsələləri müzakirə ediləcək. Sevindirici haldır ki, konqresin tanınmış alimlərdən ibarət olan beynəlxalq elm və təşkilat komitələrinə azərbaycanlı alimlər də daxil edilib.

Qeyd edək ki, bu seriyadan olan əvvəlki tədbir 2018-ci il noyabrın 15-17-də Türkiyənin Kocaeli şəhərində keçirilib. Nüfuzlu beynəlxalq tədbirdə 16 ölkədən 130 tədqiqatçı iştirak edib. Müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş 80 məruzə dinlənilib və bu istiqamətdə təşkil edilən sessiyalarda müzakirələr aparılıb. Konqres daha əvvəllər isə digər ölkələrdə təşkil olunub və dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edib.

Son zamanlar Azərbaycanın təhsil sistemi yeni çağırışlar qarşısındadır. İqtisadiyyatın xammal sahəsindən insan kapitalı sahəsinə köçürülməsi tendensiyası bu siyasətə uyğun müasir mütəxəssislərin yetişdirilməsini aktual edir ki, bu məsələ də təhsil sisteminin qarşısına yeni vəzifələr qoyur. Odur ki, müasir təhsilimiz, onun problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlərin araşdırılmasına, onların həlli üçün elmi metodların işlənib hazırlanmasına ciddi ehtiyac yaranıb. “Azərbaycanda ali təhsilə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” respublika konfransının məqsədi məhz bu məsələlərin müzakirəsi üçün elmi platforma təqdim etməkdir. May ayında keçiriləcək tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunacaq.

Dünyada gedən bir sıra siyasi, iqtisadi, sosial proseslər hər bir ölkənin qarşısına konkret inkişaf strategiyaları seçmək və onları həyata keçirmək mexanizmlərini işləyib hazırlamaq tələblərini qoyur. Bundan çıxış edərək Azərbaycan dövləti ölkə iqtisadiyyatına baxış bucağını dəyişmək, xammal iqtisadiyyatından yeni, müasir texnologiyalara əsaslanan iqtisadi münasibətlər sisteminə keçmək strategiyasını qəbul edib. Bu strategiyanın tətbiqi son nəticədə ölkəmizin davamlı iqtisadi və sosial inkişafına səbəb olmalı, Azərbaycan xalqının maddi rifahının yüksəldilməsinə gətirib çıxarmalıdır.

Bütün bunların reallaşmasına ölkənin elmi potensialının da cəlb olunması zəruridir. Çünki müasir şəraitdə qəbul edilən hər bir qərar elmi olaraq əsaslandırılmalı, ən müasir texnologiyaların tətbiqi ilə reallaşdırılmalıdır. Bunları nəzərə alaraq Azərbaycan Universiteti oktyabr ayında “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika konfransını keçirməyi planlaşdırır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan konfransa bir sıra tanınmış xarici mütəxəssislərin də dəvət edilməsi, tədbirdə davamlı inkişaf strategiyalarının müzakirəsi, bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin araşdırılması və uyğun təkliflərin hazırlanması nəzərdə tutulur.

2019-cu ilin son konfransı isə “Gender problemi və müasir Azərbaycan” olacaq. 2017-ci və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbirin bu ildən başlayaraq beynəlxalq statusda təşkil olunması nəzərdə tutulur. Konfransa göstərilən maraq və diqqət belə qənaətə gəlməyə əsas verib. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.

Noyabrda keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflər irəli sürülməsinə imkan yaratmaq, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. Konfransın işində ali təhsil müəssisələrinin, AMEA-nın uyğun profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, mətbuatın, səfirliklərin nümayəndələrinin iştirakı planlaşdırılır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi