Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Tibb Universiteti ilə “Könüllü Miqrasiya” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

news photo

19.11.2019 15:17 // Cəmiyyət

Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan 2 mindən çox əcnəbi tələbəyə ölkəmizdə müvəqqəti yaşama icazəsinin verilməsi üçün sənədləşmə işlərində Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüləri yardım edəcəklər. Bu, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin “Könüllü Miqrasiya” İctimai Birliyi və ATU arasında imzalanan əməkdaşlığa dair memorandum çərçivəsində mümkün olacaq.

Universitetin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, memorandumun imzalanma mərasimindən öncə keçirilən görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli son vaxtlar Azərbaycanda miqrasiya xidmətinin fəaliyyətindəki islahatlar və dəyişiklikləri müsbət qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Tibb Universitetində beynəlxalq miqyasda tanınması, reytinqinin yüksəldilməsi, həm də xarici ölkələrdən tələbələrin cəlb olunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir: “Qürurla qeyd edə bilərəm ki, Tibb Universiteti ölkəmizdə sayca ən çox xarici tələbə olan universitetdir. Ölkə üzrə ali məktəblərimizdə 7000-ə yaxın xarici tələbə varsa, bunların 2000-dən çoxu ATU-da təhsil alır”.

Rektor xarici tələbələrin qəbul prosesinin müasir standartlara uyğun şəkildə elektron formada “Skype intervyu” vasitəsilə aparıldığını və əcnəbilərin 1 sutka ərzində ali məktəbə qəbul olub-olmadıqları barədə cavab aldıqlarını deyib. Əcnəbi tələbələrin ATU-da təhsil almaq üçün ölkəmizə gəlməsi, təhsil icazəsi alması və digər məsələlər məhz miqrasiya xidmətinin yardımı ilə gerçəkləşir. G.Gəraybəyli həmin məsələdə universitetə yardımçı olar xidmət əməkdaşları və könüllülərə təşəkkür edərək, bu sahədə əməkdaşlığı gücləndirməyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, Azərbaycanda hər sahədə gedən inkişaf xarici vətəndaşların ölkəmizə axınına səbəb olub: “Əcnəbi vətəndaşlar həm turizm, həm biznes, həm də təhsil üçün Azərbaycanı seçirlər. Bizim xidmətin də əsas istiqamətindən biri xarici vətəndaşların ölkədə yaşamasını tənzimləməkdir. Əsas yanaşmamız ondan ibarətdir ki, əcnəbilər sənədləşmə ilə bağlı yükü maksimum az hiss etsinlər”.

V.Hüseynov ATU-nun cəlb etdiyi xarici tələbə sayına görə ölkədə birinci yerdə olmasının ali məktəbdə yüksəksəviyyəli təhsil və düzgün qurulmuş təşviqat işi ilə əlaqəli olduğunu vurğulayıb. Xidmət rəisi təşkilatın pilot layihə kimi təqdim etdiyi Miqrasiya Könüllülərinin ilk dəfə məhz ATU ilə birgə işlədiyini və artıq müsbət nəticələrin əldə olunduğunu deyib.

Sonra Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Kələntərov “Könüllü Miqrasiya” İctimai Birliyi haqqında təqdimatla çıxış edib. Qeyd olunub ki, xidmət nəzdində 2000-dən çox qeydiyyatdan keçmiş miqrasiya könüllüsü var. Layihənin əsas məqsədi gənclərin yeni biliklər və təcrübə qazanması, şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək, onlara xidmətin fəaliyyətinə cəlb olunmaqla bu sahə ilə daha yaxından tanışlıq imkanı yaratmaqdır.

Görüşün sonunda Tibb Universitetinin rektoru Gəray Gəraybəyli və “Könüllü Miqrasiya” İctimai Birliyinin sədri Emil Gülmuradov arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüləri Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrin miqrasiya sahəsində sənədləşmə işlərinə kömək göstəriblər. Memorandum çərçivəsində bundan sonra Miqrasiya Könüllüləri ali təhsil ocağında təhsil alan 2000-ə yaxın əcnəbi tələbəyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi verilməsi üçün sənədləşmə prosesində yaxından iştirak edəcək, onlara miqrasiya sahəsi üzrə geniş informasiya verəcək, onları maraqlandıran sualları cavablandıracaq, təklif və müraciətləri ümumiləşdirərək aidiyyəti üzrə göndərəcəklər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi