Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Qran-prisinin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb

news photo

05.02.2019 10:21 // Formula 1

Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.

Youthportal.az xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə gənclər və İdman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.

Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Müqaviləyə A.Rəhimovla "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb. 

İmzalanma mərasimindən sonra çıxış edən nazir Azad Rəhimov Azərbaycan Qran Prisinin keçirilməsinə dair müqavilənin müddətinin uzadılmasından böyük məmnunluq duyduğunu bildirdi: “Bu, bizim hamımız üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıda baş tutan Formula 1 yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu keçən ən maraqlı yarış həftəsonlarından birinə çevrilməsinə hamılıqla şahid olduq. Həmçinin bu yarışlarda biz Formula 1-in ən önəmli məqamlarını da müşahidə edə bildik.

Bundan başqa, hər ötən il dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur və biz çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusilə Azərbaycan Qran Prisinə böyük maraq göstərir. Fürsətdən istifadə edərək mən cənab Kerri başda olmaqla Formula 1-də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm.

Müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları Formula 1-in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər. Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum səviyyədə artıra biləcəyik. Bu fürsətləri nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və biz böyük məmnuniyyətlə builki yarış daxil olmaqla daha 5 yarışa evsahibliyi etməyə hazırıq”.

Çeyz Kerri isə öz növbəsində Azərbaycanın Formula 1 yarışı üçün ideal məkan olduğunu bildirdi: “Çox şadıq ki, bu müqaviləni yeniləməklə biz Azərbaycan Qran Prisini daha bir neçə il ərzində Formula 1 Dünya Çempionatında görə biləcəyik. Bu yarış hər dəfəsində yaratdığı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddət ərzində mövsümün ən məşhur yarışlarından birinə çevrilə bildi.

Azərbaycan hər zaman Formula 1-də olan hər bir kəs üçün böyük qonaqpərvərlik nümayiş etdirir, gözoxşayan Bakı şəhəri isə mükəmməl yarış üçün möhtəşəm ab-hava təqdim edir. Bu baxımdan bütün avtoidman həvəskarlarını möhtəşəm yarışı qaçırmamaq üçün Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi 28 aprel tarixini gündəliklərinə qeyd etməyə dəvət edirəm”.

Səfər çərçivəsində cənab Kerrini Formula 1-in promouter və biznes qurumları ilə əlaqələr üzrə baş meneceri Emili Preyzer müşayiət edirdi. Onunla birlikdə BŞH-nin icraçı direktoru Arif Rəhimov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və “Heineken International” şirkətində Formula 1 və Formula E yarışlarına dair sponsorluq üzrə aparıcı mütəxəssis Ben Pinkus “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adı altında keçirilən konfransda iştirak edərək “Formula 1: Qlobal Brendlər Platforması” mövzusunda məruzə söylədilər.

Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) dəstəyi ilə sayca 3-cü dəfə keçirilən konfransda biznes, texnologiya və səyahət sahələrinin təmsilçiləri ilə yanaşı dövlət qurumlarından 250-ə yaxın ali səviyyəli qonaq iştirak etdi. Konfrans çərçivəsində sponsorluq imkanlarından danışıldı və bu mövzu ətrafında təcrübələr bölüşüldü.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula 1"in təqviminə daxil olub. Builki Qran-pri 28 - 30 apreldə keçiriləcək. 

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi