Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar

news photo

25.06.2019 12:29 // İdman

İyunun 25-də - “Minsk 2019”un beşinci günündə Azərbaycan idmançıları idmanın 8 növü üzrə - güləş, boks, cüdo, tramplin gimnastikası, kamandan oxatma, badminton, velosiped idmanı və atıcılıq yarışlarında mübarizə aparacaqlar.

Youthportal.az xəbər verir ki, bu gün “Minsk 2019”da güləş yarışlarına start verilir. Güləşçilər idmanın dörd növü üzrə mübarizə aparacaqlar. İdmanın bu növü üzrə favoritlərdən olan Azərbaycan yığması güləş yarışlarının birinci günündə dörd növün hər biri üzrə təmsil olunacaq. Güləşçilərimiz mübarizəyə səkkizdəbir final mərhələsindən başlayacaqlar. Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelov, Hacımurad Qadcıyev (74 kq) türkiyəli Söner Demirtaş, Aleksandr Qostiyev (86 kq) Moldova təmsilçisi Denis Balaur, Cəmaləddin Maqomedov (125 kq) isə Belarus idmançısı Vitali Piasniak ilə üz-üzə gələcəklər.

Gün ərzində boksçularımızdan Rufət Hüseynov (49 kq) dörddəbir, Cavid Çələbiyev (60 kq) və Loren Alfonso Domingez (81 kq) səkkizdəbir final mərhələsində mübarizə aparacaqlar. Səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğradan R.Hüseynov dörddəbir finalda italiyalı Federiko Serra ilə görüşəcək. Onaltıdabir finalda Bosniya və Herseqovina idmançısı Nikola İvkoviçi 5:0 hesabı ilə məğlub edən C.Çələbiyev səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşacaq. L.Domingezin dörddəbir finaldakı rəqibi Belarus boksçusu Mixail Dauqaliavets olacaq. Boksçumuz onaltıdabir finalda ukraynalı Stepan Hrekula qalib gəlib – 3:0.

Cüdo yarışlarının sonuncu günündə komandalar mübarizə aparacaqlar. Azərbaycan yığmasının səkkizdəbir finaldakı rəqibi Fransa millisi olacaq.

Tramplin gimnastikasında kişilərin fərdi yarışında ölkəmizi Ruslan Ağamirov və İlya Qrişunin təmsil edəcəklər.

Kamandan oxatma üzrə qadınların yarışındakı yeganə təmsilçimiz Ozay Qasımova otuzikidəbir finalda almaniyalı Elena Rixter ilə qarşılaşacaq.

Ötən gün badminton yarışında mübarizəyə uğurla başlayan təmsilçimiz Ezmi Qovimuramadhoni çıxış etdiyi G qrupunda bu gün ikinci oyununu keçirəcək. İdmançımız lüksemburqlu Robert Mann ilə qarşılaşacaq. O, sabah keçiriləcək növbəti görüşdə Rusiya idmançısı Vladimir Malkov ilə üz-üzə gələcək. Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar.

Velosiped yarışında iki idmançımız Samir Cəbrayılov və Elçin Əsədov iştirak edəcəklər. Bu yürüşdə ümumilikdə 39 velosipedçi mübarizə aparacaq.

Atıcılıq yarışındakı təmsilçimiz Nigar Nəsirova 25 metr məsafəyə atəşaçma yarışında iştirak edəcək.

Xatırladaq ki, idmançılarımız ötən gün - “Minsk 2019”un dördüncü günündə 3 bürünc medal qazanıblar. Hazırda millimizin aktivində 4 gümüş və 7 bürünc medal var.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi