Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Oyunlarının Alovu Viləş çayı sahillərində

news photo

04.05.2015 18:18 // İdman

Dünən Lerik və Astaraya səyahətini başa vuran məşəl bu gün, mayın 2-də, Viləş çayının sahilində yerləşən iki rayonun sakinlərinin görüşünə gəldi.

Məşəl estafeti iştirakçıları əvvəlcə Talış, Peştəsər və Burovar dağlarının qoynunda yerləşən və ecazkar təbiət mənzərələri olan Yardımlıya səfər etdilər. Rayon mərkəzi boyunca yerli sakinlərin alıqışlarının müşayiət etdiyi məşəl yürüşündə Şərq döyüş növləri təmsilçilərinin çoxluğu diqqət çəkdi. Estafeti gənc karate ustası Rasif Nəmizadə başladı. Yürüşdə taekvondo üzrə ölkə çempionu Pərviz Şirinov, onun həmkarları Bəhruz Mahmudov, Həmid Bəndəliyev, kontakt-karateçilər Toğrul Mustafayev, Rafət Sultanov, Səfalı İbrahimov və bu növ üzrə dünya çempionu Orxan Baratlı, Azərbaycan çempionu Ülvi Kərimli və son mərhələdə daha bir ölkə çempionu Amid Cavadov davam etdirərək, alovu Heydər Əliyev meydanına gətirdilər.

Məşəl estafetinin iştirakçısı olmuş, 2014-cü ilin şotokan karate üzrə dünya çempionu, ölkə çempionatının altıqat qalibi Orxan Baratlı ürək sözlərini bölüşdü: “Birinci Avropa Oyunlarını həyəcanının Yardımlıya da yetişməsi məni hədsiz sevindirir. Özümü çox xoşbəxt hiss edirəm. Çünki bir idmançı kimi belə bir mərasimin tarixdə qoyacağı izi dərk edirəm. Onun məşəlçilərindən biri olmağım məni ikiqat fərəhləndirir. Karatenin də Bakı 2015-in proqramına salınması, Şərq döyüş növləri ilə məşğul olan hər bir gənc idmançı kimi, məni də sevindirir. Avropa Oyunları gələcəkdə karatenin olimpiya oyunlarına yolunu aça, olimpiya proqramına salınmasına kömək edə bilər”.

Meydanda qurulmuş səhnədə Oyunların çırağı yandırılaraq yeniyetmə Pünhan Kərimliyə verildi. Təntənəli qarşılanma mərasimində bədən tərbiyəsi və idman ictimaiyyətinin nümayəndələri, yerli fəallar, sakinlər iştirak edərək, bu görüşün maraqlı ünsiyyət şəraitində keçməsinin səbəbkarı oldular. Oyunların canlı rəmzləri ətrafı şənləndirib, görüşə maraq qatdılar. Çıraq yekunda Heydər Əliyev Mərkəzinə gətirildi.

Sonra məşəl 2 min metrdən hündür dağ zirvələri olan, həmçinin flora və faunasının zənginliyinin də təbiətinə xüsusi ecazkarlıq bəxş etdiyi Yardımlının daha bir incisi olan ikimərtəbəli Təkdam «Yardımlı» şəlaləsinin seyrinə çıxdı. Burada xatirə şəkilləri çəkdirildi. Qeyd edək ki, rayonun çoxsaylı çeşmələrlə əhatə olunmuş Perimbel kəndi də çox məşhurdur. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən Qız qalası (V əsr) abidəsi ilə diqqəti çəkən rayonda həm də özünə xas xalçaçılıq ənənələrinə az qala hər addımda rast gəlmək olar.

Yardımlı səyahətin başa vuran məşəl, günortadan sonra, regionun dilbər guşələrindən, Bakıdan 270 km aralıda, Viləş çayının sahilində yerləşən Masallıya yollandı.

Əvvəlcə, qədim tarixə, zəngin mədəniyyətə malik, tarixi-diyarşünaslıq muzeyində 19 mindən çox qiymətli eksponat saxlanılan Masallının çoxsaylı isti və müalicəvi çeşmələrininn ən məşhuru İstusuya yürüş oldu, xatirə şəkilləri çəkdirildi. Qeyd edək ki, Masallının təbii qazla fasiləsiz yanan Yanardağı da məşhurdur. Burada yüksələn alovların hündürlüyü 3 metrə çatır.

Münbit coğrafi mövqeyi müxtəlif idman növləri üzrə təlim-məşq toplanışlarının, yarışların keçirilməsinə əlverişli şərait yaradan Masallıda məşəli rayon ictimaiyyətinin qabaqcılları daşıdılar. Yürüşü cüdoçu, Əməkdar məşqçi Xanağa Quliyev başladı, voleybolçu Sabiq Cahangirov, taekvondoçu, Azərbaycan çempionu Gülgün Niftullayeva, mədəniyyət fəalları - “Həcər” folklor qrupunun rəhbəri Dürdanə Hüseynova, «Halay» folklor rəqs qrupunun bədii rəhbəri Natəvan Əliyeva, ictimai fəallar - Əməkdar müəllim Vidadi Nəzərov, rayon Ziyalılar Cəmiyyətinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Ələşrəf Niftiyev, Prezident Təqaüdçüsü Şirvan Əbilov estafeti davam etdirdilər. Cüdoçu, Avropa çempionatının bürünc medalçısı Hikmət Alışov məşəllə səhnəyə çıxaraq, alov çırağını yandırdı.

Estafet yürüşünün iştirakçısı, taekvondoçu Gülgün Niftullayeva məşəlin Masallı səfəri barədə ürək sözlərini belə ifadə etdi: “İdman tədbirlərini, xüsusən də olimpiya rəmzləri ilə bağlı mərasimləri, bir qayda olaraq, televiziya ilə izləyirik. İnanırsınız, heç düşünməzdim ki, bir gün, nə vaxtsa belə böyük bir idman bayramı mənim doğma Masallımda da olacaq. Üstəlik, tarixdə ilk dəfə keçiriləcək belə bir möhtəşəm hadisənin nəinki şahidi, həm də iştirakçılarından biri də mən olacağam. Çox xoşbəxtəm və mənə etimad göstərən hər kəsə minnətdaram. Taekvondoçu olduğum üçün, Bakı 2015-də, əlbəttə, həmkarlarımı daha yaxından izləyib, onlara dəstək olmağa çalışacağam. Qoy Avropa üçün bu böyük başlanğıcın idman uğurları da bizim idmançıların adı ilə bağlı olsun”.

Şəhərin Heydər Əliyev meydanında alov böyük maraqla qarşılandı. Burada bədən tərbiyəsi və idman, tanınmış mədəniyyət fəalları, ictimai xadimlər və başqalarının iştirakı ilə keçirilən qarşılanma mərasimində, rayon sakinləri birinci Avropa Oyunları kimi böyük tarixi hadisənin iştirakçısı olduqları üçün sevinclərini gizlətmirdilər. Xoş ovqata köklənmiş görüş zamanı rayon sakinlərinə Bakı 2015-in idman yarışları ilə bağlı ətraflı məlumat verildi.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Beləcə, daha bir gününü Viləş çayının sahillərində keçirən məşəlin estafeti qonşu rayonlara verilir. Mayın 3-də əvvəlcə Biləsuvarda qarşılanma və yürüş, axşam isə Cəlilabadda həm məşəl estafeti, həm də möhtəşəm Alov Festivalı keçiriləcək.

Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi