Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Gənclər Yay Olimpiya Festivalına 146 000 bilet çıxarılacaq

news photo

17.05.2019 16:19 // İdman

Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket əməkdaşlıq haqqında razılıq imzalayıblar.  Razılığa əsasən, iTicket.az “Bakı 2019” 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi bilet satış təminatçısı və dəstəkçisi oldu. 

Nazirlikdən Youthportal.az-a bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov iTicket.az şirkəti ilə razılığın əldə olunmasından məmnun olduğunu qeyd edərək deyib: “Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri təyin etmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid edirik ki, atılan addımlar yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyadacaq və onların bu möhtəşəm idman oyunlarını izləmələri üçün şərait yaradacaq”.

iTicket.az şirkətinin baş direktoru Ziya Məmmədov deyib: “iTicket.az-ın Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi dəstəkçisi olmağından qürur duyuruq. Zamanında bu cür beynəlxalq hadisələrdən əldə etdiyimiz təcrübəmiz bizə, “Bakı 2019”- da öhdəliklərimizi uğurla yerinə yetirəcəyimizə dair inam verir”. 

Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında olacaqdır. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək. Biletlərin sifarişi və əldə olunması ilə bağlı əlavə məlumat EYOF Bakı 2019-un rəsmi səhifəsində elan ediləcək.  Tədbir üçün satışa 146 000 bilet çıxarılacaq. Biletlərin təxminən yarısı 10 iyun 2019-cu il tarixindən EYOF "Bakı 2019"-un rəsmi veb saytındahttps://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında https://www.iticket.azsatışda olacaq. Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən iTicket.az konsert, teatr, idman və əyləncəvi təşkilatların onlayn və oflayn bilet satışını gerçəkləşdirir. 2017-ci ildən etibarən iTicket.az 4-cü İslam Həmrəyliyi Oyunlarının, Formula 1 üzrə Azərbaycan Grand Prisinin, Qadınlar üzrə 2017 Avropa Volleybol Çempionatının, UEFA Çempionlar Liqasınının qrup mərhələsinin, BMX Dünya Velosiped Çempionatının, JARA’18 Musiqi Festivalının, Azərbaycan Cüdo Festivalının və AFFA-nın rəsmi bilet təminatçısı və dəstəkçisi olub.  

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi