Ru
Bakı
USD
EUR
GBP
RUB

“Artım”da “YARAT” rezidentlərinin qrup sərgisi açılacaq

news photo

15.04.2019 15:08 // Cəmiyyət

Aprelin 18-də “Artım” layihə məkanında Aqil Abdullayev, Aydan Mirzəyeva (Azərbaycan), Laura Bianko (İtaliya) və Mendi Merzabanın (Kanada) əsərlərindən ibarət “Digər dillər ucunda” adlı sərgi açılacaq.

Youthportal.az xəbər verir ki, “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə reallaşacaq sərgi “YARAT” rezidentləri olan rəssamların qrup işidir. Burada özünəməxsus dialoqu səhnələşdirən silsilə əsərlər təqdim edilib. İnstalyasiya və videolara qarşı müxtəlif yanaşmalardan istifadə etməklə, rəssamlar obyektlər, peyzajlar və şərhlər arasında əlaqə səhnələri yaradır, təqdim edilən məzmunun tərkib hissələri arasında bədii-fərdiləşdirilmiş qarşılıqlı əlaqələrə nail olurlar. Sərgi müəyyən dərəcədə rus filosofu və ədəbi tənqidçisi Mixail Baxtinin ideyaları və onun özünəməxsus dil nəzəriyyələrində təsvir edilmiş polifoniya ideyasından qaynaqlanır. O, öz fəlsəfi nəzəriyyələrində, belə bir fərziyyəni irəli sürür ki, söz, səslərin zəncirində bağlayıcı bənd və ya qarşılıqlı fəaliyyət matrisasında xana kimi nəzərdən keçirilə bilər. “Dostoyevski poetikasının problemləri” (1963) adlı yazısında, o, bir insanın digərinin söz dünyasında yaşadığını və tez-tez ifadələrin intertekstuallığı və fərqli dialekt, danışıq ilə üzləşdiyini qeyd edir. Bütün danışıqlar polifonik olur və özündə eyni zamanda bir çox səsləri, mənaları və nitqləri (dilləri) cəmləşdirir. Sözlərin istifadəsində gizlənən obrazlar və tarixlərlə bağlı anlayışlar, rəssamların bu dialoji reallığı əks etdirməsi üçün, hansı vizual və linqvistik alətləri araşdırmasına dair düşüncələrdə, çox əlverişli bir mövqe təklif edir.

Aqil Abdullayev bu sərgi məkanı üçün yaradılmış, “Mən dedim ki, biz aya uçuruq, amma biz heç dama da çıxa bilmədik” adlı instalyasiyasını təqdim edir. Bu instalyasiya, mövcud qadağalar çərçivəsində sosial və dini strukturlarla müəyyən edilən mövcud vəziyyətləri və situasiyaların dürüstlüyünü sual altına qoyur. Yarıya qədər yaşıl boyanmış ərazidə məkanda iki video əsər üz-üzə quraşdırılıb və mövqe baxımından rəssamın özünə qarşı ziddiyyət təşkil edir: ekranların birində tamaşaçı onu hekayəçi kimi görsə də, eyni zamanda, üzbəüz ekranda, o, namaza hazırlıq üçün yuyunma (dəstəmaz) prosedurasını həyata keçirir. Ekranlar arasında isə “Dam Rəşidə” adlı fotoşəkil yerləşdirilib. İnstalyasiya ilk növbədə, sosiomədəni reallığın kritik problemlərinə yönəlib və burada, rəssam din və elm arasında münasibətlər haqqında öz şəxsi fikirlərini bildirir. Səthi baxış zamanı görünür ki, bu əsər, təzadlar və ziddiyyətlərin qarşılıqlı müqayisəsi üzərində qurulub; lakin, əsərləri daha yaxından nəzərdən keçirən zaman müəyyən olur ki, rəssam, böyük ehtimalla, bir-birinə uyuşmayan, müxtəlif dünyalar arasında dialoq qurmağa müvəffəq olub. Rəssam bədii və incə şəkildə, ehkamların, sözlərin və dünyanın dualist anlayışının etibarlılığını şübhə altına qoyan bədii hekayə formalaşdırır. Böyük ehtimalla, bu əsərin məna açarı, yuyunma (dəstəmaz) səhnəsində gizlənir. Belə ki, bu mərasim mənəvi intuisiyaya, su ilə zahiri təmizlənmə vasitəsilə daxili təmizliyə, paklığa, çoxtərəfliliyin hərəkəti, dəyişdirilməsi və qəbuluna müraciət edir.

Laura Biankonun “Görünən şəhərlərdə” adlı dördkanallı videoinstalyasiyası öz ilhamını italyan yazıçısı İtalo Kalvinonun “Görünməz şəhərlər” (1972) adlı romanından götürüb. Müəllif öz əsərini “çoxüzlülük formasında kitab” kimi təyin edir. Əsər özündə uydurulmuş şəhərlərin təsvirini, habelə, təkcə hekayə epizodları deyil, həm də tədqiqatçı Marko Polo və imperator Xubilay arasında qurulmuş dialoq səhnələrini cəmləşdirir. Bu əsərin başlıca məqsədi, romanın hekayə strukturunun köməyi ilə, Bakının dolayı portretinin yaradılması ilə bağlı sınaq keçirmək idi. Çoxtərəfli kosmos kimi, bu portret müxtəlif uydurulmuş şəhərlərin fraqmentlərinin tutuşdurulması ilə formalaşır.

Mendi Merzabanın “Sahilboyu yaxınlıq” adlı instalyasiyası, vinetka formasında qısa, sakit səhnələrin diskursu kimi meydana çıxan təbii və şəhər məkanlarının şaquli layihələndirilmiş diptixlərinin silsiləsidir. Şəxsi təcrübə epizodlarının seçimindən, oradan-buradan eşidilmiş hekayələr və tarixi hadisələrdən yaradılmış qoşa səhnəciklər paralel dünyaların görüşü kimi əks olunur. Onların virtual adları, məkan, siyasi və iqtisadi assosiasiyalar sayəsində baş verən incə gərginliyi meydana gətirir. Bu ikiləşdirilmiş səhnələr arasında, Xəzər dənizinin dalğalarına oxşar şəkildə, Böyük Qafqaz dağlarının alçaq hündürlüklərindən qalxan, daim sahilə doğru can atan, sonsuz olaraq geri çəkilən duman var. Digər səhnədə işıldayan, suda həll edilməyən yağ qovuqları qəfildən sakit sulardan qalxır və eyni zamanda, buludlar günəşin qarşısını bağlayır.

“Əkizlər” adlı əsərində Aydan Mirzəyeva, ağacın strukturunu və möhtəşəm xüsusiyyətlərini işıqlandıran silsilə əsərlərini davam etdirir. Rəssamın erkən işləri kimi, bu əsər də ən son elmi biliklərə əsaslanır: ağaclar, onlara bir-birləri ilə ünsiyyət qurmağa imkan verən kök sistemləri vasitəsilə, ağrını qeydə ala, əşyaları tanıya, hətta, bir-birini müdafiə edə və qayğı göstərə bilərlər. Ağacın incə naxışlarını təkrarlayan müxtəlif rənglərdən istifadə etməklə, rəssam, bu mürəkkəb sistemi daha dərindən araşdırır, hava və inkişafın təsirinə məruz qalan dəyişkən obyektləri araşdırır, təbiət proseslərinin dinamikasının estetikasını əyani şəkildə nümayiş etdirir. Bu silsilədən olan nümunədə əks edilən taxta panellər bir-biri ilə üz-üzə quraşdırılıb və materialın gizli, kommunikativ aspektini vurğulayır.

Sərgi mayın 10-dək ziyarətçilər üçün açıq qalacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 18 dəfə pozuldu

Sabah Bakıda güclü külək əsəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi