Ru
Bakı
USD
EUR
GBP
RUB

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatıb

news photo

18.07.2019 13:20 // Təhsil

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Youthportal.az-a bildirilib ki, subbakalavrların ixtisas seçimi bu il müsabiqədə iştirak edən abituriyentlərlə bir yerdə iyulun 24-dən avqustun 6-dək aparılacaq.

Ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək internet vasitəsilə aparılıb və bu müddət ərzində 14 min 612 subbakalavr qeydiyyatdan keçib. İxtisaslar üzrə subbakalavr ərizələrinin sayı ilə DİM-in saytında tanış olmaq mümkündür.

DİM subbakalavrların ali təhsil müəssisələrinə qəbul qaydalarını bir daha təqdim edir:

-Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün digər abituriyentlərlə bir yerdə iyulun 24-dən avqustun 6-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bunun üçün onlar ali təhsil müəssisələrinə qəbul planı dərc olunan “Abituriyent” jurnalının 2019-cu il 4-cü nömrəsindən istifadə etməlidirlər.

-Subbakalavrlar müsabiqədə müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərti (200 bal, bəzi ixtisaslar üzrə 150 bal) əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər.

-Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunub.

-Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.

-Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

-Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər.

-Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

-İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

1. Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

2. Tam orta təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə ümumi qaydada, həm də qəbul imtahanlarında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə keçirilən müsabiqədə iştirak edə bilər. Bunun üçün həmin şəxs qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi