Ru
Bakı
USD
EUR
GBP
RUB

Akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası çapdan çıxıb

news photo

18.06.2019 16:19 // Təhsil

“Akademik Xoşbəxt Yuifzadə. Biblioqrafiya” kitabının yeni nəşri çapdan çıxıb.

Youthportal.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, AMEA-nın akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt Yusifzadənin biblioqrafiyası SOCAR tərəfindən 2007-ci və 2012-ci illərdə Bakıda Azərbaycan, rus və ingilis dillərində, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən 2009-cu ildə Ankarada türk, ingilis, rus və Azərbaycan dillərində nəşr olunmuş “Akademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya”ları əsasında yenidən işlənmiş və əlavələr edilmiş dördüncü nəşrdir.

Biblioqrafiya akademik Xoşbəxt Yusifzadənin 1957-2018-ci illərdə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş elmi məqalələrinə, habelə monoqrafiyalarına, geoloji xəritə və atlaslarına, elmi sessiya, simpozium və konfranslardakı məruzə və çıxışlarına, dəniz neft-qaz yataqlarının kəşfinə və texniki ixtiralarına dair informasiyaları əhatə edir.

Biblioqrafiyanın üç dildə yenidən işlənmiş nəşri “X.B.Yusifzadənin elmi-tədqiqat işləri, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində nailiyyətləri barəsində qısa məlumat”, “Akademik X.B.Yusifzadənin həyat və fəaliyyətinin əsas mərhələləri”, “Nəşr edilmiş elmi əsərləri xronoloji ardıcıllıqla” və “Alim ömrü fotolarda” hissələrindən ibarətdir.

Kitab ulu öndər Heydər Əliyevin “Azərbaycanda Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi bilən ikinci adam yoxdur” və Prezident İlham Əliyevin “Akademik Xoşbəxt Yusifzadə ... nəinki Azərbaycanda və keçmiş Sovet İttifaqında, eləcə də dünya miqyasında tanınmış mütəxəssisdir” fikirləri ilə başlanır.

Biblioqrafiyada, həmçinin Əməkdar jurnalist Ələkbər Abbasovun (Şəhrili) akademik “X.B.Yusifzadənin həyatı, elmi və istehsalat fəaliyyəti haqqında” oçerki yer alıb.

Azərbaycan neft və qaz sənayesinin patriarxlarından biri olan Xoşbəxt Yusifzadə respublikada neftin həm birinci, həm də ikinci milyard tonunun hasil edilməsinin iştirakçısıdır. Görkəmli neftçi-alim həyatını və elmi-istehsalat fəaliyyətini respublikamızda, xüsusən də Xəzər dənizində neft və qaz-kondensat yataqlarının kəşfinə və işlənilməsinə həsr edib. O, tutduğu vəzifədən asılı olmayaraq, elmi işdən ayrılmayıb. Onun elmi məqalələri, fundamental monoqrafiyaları bu gün neftçi-geoloqların, ali məktəblərin müvafiq fakültələrində mühazirə oxuyan müəllimlərin və təhsil alan tələbələrin stolüstü kitablarıdır.

Məşhur alimin və görkəmli istehsalat təşkilatçısı Xoşbəxt Yusifzadənin rəhbərliyi və iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri onun 200-dən çox elmi əsərində, o cümlədən 18 monoqrafiyasında və ixtirasında öz əksini tapıb.

X.Yusifzadə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə, yanacaq-energetika kompleksinin inkişafına dair Azərbaycan paytaxtında və xarici ölkələrdə keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, milli neft elminin, Azərbaycan geoloq və geofiziklərinin daim böyük maraq doğuran nailiyyətlərini uğurla nümayiş etdirib.

1988-ci ildən başlayaraq, X.Yusifzadə xarici şirkətlərələ birgə aparılmış bütün işlərdə, o cümlədən Xəzər dənizinin Azərbaycan sektoru və quru sahələri üzrə bugünədək bağlanmış 35 neft sazişinin hazırlanmasında və imzalanmasında bilavasitə iştirak edib. Alimin əməyi dövlət tərəfindən hər zaman layiqincə qiymətləndirilib. O, SSRİ-nin iki ”Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, bir sıra medallar və fəxri fərmanları ilə təltif edilib, iki dəfə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Ona ”SSRİ-nin fəxri neftçisi”, ”Yer təkinin fəxri kəşfiyyatçısı”, istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın “Əməkdar mühəndisi” fəxri adları verilib. Müstəqillik illərində Azərbaycanın “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub.

Xoşbəxt Yusifzadənin xidmətləri xaricdə də yüksək qiymətləndirilib. Vyetnam Sosialist Respublikası uçün yüksəkixtisaslı neft mütəxəssislərinin hazırlanmasında böyük xidmətlərinə görə 2011-ci ildə həmin ölkənin “Dostluq” ordeni ilə təltif olunub.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük xidmətlərinə görə X.Yusifzadə 2008-ci ildə bu akademiyanın beynəlxalq ”Qızıl Ulduz Medalı” ilə təltif edilib, ”İlin alimi” elan olunub, 2011-ci ildə isə “Türk dünyasının fəxri alimi” adına layiq görülüb.

Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə Dövlət Neft Şirkətinin bir qrup mütəxəssisi ilə birlikdə UNESKO-nun xüsusi medalı ilə təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.

BMT-nin Cenevrə şəhərində fəaliyyət göstərən İctimai Təltif Şurasının 2018-ci il 27 dekabr tarixli qərarına əsasən dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Avropa Ali Xidmət ordeni ilə təltif olunub.

Akademik Xoşbəxt Yusifzadənin həyatı, elmi-istehsalat fəaliyyəti haqqında ətraflı məlumatı biblioqrafiyadan əldə etmək mümkündür. Nəşrin redaktoru Ələkbər Abbasov, mətnləri tərcümə edənlər Riçard Peqq, Emil Bağırov və Vadim Abramenkodur.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi