Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bioloji müxtəliflik haqqında populyar dildə” kitabının təqdimatı olub

news photo

11.10.2018 15:02 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov və biologiya üzrə fəlsəfə doktoru Vaqif Əmikişiyevin həmmüəllifi olduğu “Bioloji müxtəliflik haqqında populyar dildə” kitabının oktyabrın 10-da təqdimatı keçirilib.

AMEA-dan Youthportal.az-a bildiriblər ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən reallaşdırılan “Bioloji müxtəliflik haqqında kitabın nəşri” layihəsi çərçivəsində hazırlanıb.

Genetik Ehtiyatlar İnstitutunda keçirilən tədbirdə Z.Əkpərov bioloji müxtəliflik barədə məlumat verib. Bildirib ki, bioloji müxtəliflik yer üzərində mövcud olan canlı aləmin əsasını təşkil edir və onun qorunub saxlanması insan üçün olduqca vacibdir.Təbiətin təbii təkamül prosesi və antropogen amillər nəticəsində dəyişməkdə davam etdiyini deyən alim insanın təsərrüfat fəaliyyətinin bioloji müxtəlifliyə ciddi zərər vurduğunu, nəticədə Yer kürəsində həyatı təhlükə altına saldığını deyib.

Z.Əkpərov dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə BMT tərəfindən Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyanın qəbul edildiyini və Azərbaycanın 2000-ci ildə bu konvensiyaya qoşulduğunu söyləyib. Alim konvensiyanın təməl prinsiplərinə uyğun olaraq ölkəmizdə bioloji müxtəlifliyin qorunması üçün xüsusi mühafizə edilən təbiət ərazilərinin genişləndirildiyini, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradıldığını diqqətə çatdırıb. O, həmçinin bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü deyib.

Z.Əkpərov hazırda Biologiya və Tibb Elmləri Bölməsində, o cümlədən Genetik Ehtiyatlar İnstitutunda bioloji müxtəlifliyə dair ciddi tədqiqatların aparıldığını vurğulayıb, respublikanın genefondunun qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib.

İnstitutun direktoru bu gün təbiətşünas mütəxəssislərin və bütün əhalinin qarşısında duran əsas vəzifənin mövcud təbii ekosistemləri və bioloji müxtəlifliyi qorumaq olduğunu, bunun üçün isə insanların maarifləndirilməsinin zəruriliyini söyləyib. O, təqdimatı keçirilən kitabda biomüxtəliflik anlayışı, inkişaf meyilləri, tükənmə təhlükələri və digər məsələlərin populyar dildə oxuculara təqdim olunduğunu, vəsaitin şagirdlərin, tələbə və magistrantların maarifləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

Sonra Afiq Məmmədov nəşrin ölkəmizdə uzun illər bioloji müxtəlifliyə dair tədqiqatlara rəhbərlik etmiş akademik Cəlal Əliyevin 90 illik yubileyinə dəyərli töhfə olduğunu bildirib. O, bioloji müxtəlifliyə dair ana dilimizdə materialların az olduğunu və təqdimatı keçirilən kitabın bu boşluğu dolduracağını deyib. Bildirib ki, kitabda Azərbaycanda son illərdə biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi sahəsində görülmüş elmi-təşkilati işlər, milli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlıq və qanunvericilik məsələləri oxuculara təqdim olunur. Bundan əlavə, biomüxtəlifliyin insan həyatında və ekosistemlərin dayanıqlılığında rolu, antropogen amillərin və qlobal iqlim dəyişikliklərinin təsiri ilə baş verən təhlükələr barədə məlumatlar sadə dildə oxucunun istifadəsinə verilib.

Daha sonra institut alimlərinin iştirakı ilə kitabın çapının əhəmiyyəti və biomüxtəlifliyin önəmi haqqında müzakirələr aparılıb.

Kitabın rəyçisi və “Ön söz”ün müəllifi AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadədir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi