Ru
Bakı
USD
EUR
GBP
RUB

Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib (FOTO)

news photo

19.09.2018 18:00 // Cəmiyyət

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da bu günü müxtəlif səpkili tədbirlərlə qeyd edib. Belə ki, Bilik Fondunun və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində dahi bəstəkarın anadan olmasının 133-cü ildönümünə və Milli Musiqi Gününə həsr edilən tədbir keçirilib.

Bilik Fondundan Youthportal.az-a bildirilib ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dəstəyi ilə keçirilən tədbirdə fondun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova Milli Musiqi Günü münasibətilə musiqisevərləri təbrik edib.

Rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov qeyd edib ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə qayğı daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Ümummilli Liderin 1995-ci ildə imzaladığı müvafiq Sərəncam ilə Üzeyir Hacıbəylinin doğum gününün milli musiqi bayramı kimi qeyd olunması bu qayğının parlaq nümunəsidir. Bu gün bu ənənə Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin əməyi və səyləri nəticəsində mədəniyyət və incəsənətimiz bir sıra beynəlxalq statuslar alıb.

Vurğulanıb ki, dahi Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, dünyanın musiqi mədəniyyətinə böyük töhfələr bəxş edib.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub, görkəmli musiqi xadimləri onu “Şərq musiqisinin atası” adlandırıblar. Azərbaycanın xeyli sayda görkəmli şəxsiyyətlər yetişdirdiyini diqqətə çatdıran C.Musaoğlu bunu xalqımızın müdrikliyi ilə əlaqələndirib.

BMA-nın dosenti, sənətşünaslıq doktoru, professor Nuridə İsmayılova dahi bəstəkarın ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıb.

Sonra BMA-nın elmi işçisi Fidan Nəsirovanın “Hacıbəyli qardaşları və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda mühazirəsi dinlənilib.

Sonda Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin müəllimi Qənirə Həsənovanın fortepianoda müşayiəti ilə BMA-nın doktorantı Rüfət Piriyev Üzeyir Hacıbəylinin əsərlərini ifa edib.

Milli Musiqi Gününə həsr olunan daha bir görüş Bilik Fondunun Qarabağ Regional Bilik Evində keçirilib.

“Musiqimiz – milli ruhumuz” mövzusunda keçirilən tədbirdə Tərtər şəhər uşaq musiqi məktəbinin direktoru Tahir Qədimov rayonun istedadlı gəncləri barədə məlumat verib.

Sonra Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət dövrü musiqisi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirəçi bildirib ki, Azərbaycan musiqi mədəniyyətinin və onun parlaq nümayəndələrinin müstəqil Azərbaycanın qurulmasında böyük payı olub. Xalqımız və dövlətimiz bu gün də onları unutmur.

Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova təmsil etdiyi qurumun maarifləndirici layihələrindən söz açıb, “Mədəni maarifləndirmə” proqramı əsasında görülən işlər barədə məlumat verib.

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç “Xalq Cümhuriyyəti İli” çərçivəsində ərsəyə gətirilən bədii və sənədli filmlərdən danışıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi