Ru
Bakı
USD
EUR
GBP
RUB

“Cəza” videoçarxı ilə I yerə çıxan Tural Kərimov: "Keçmiş məhbusların sosial adaptasiyasına biz də öz qısa filmimizlə bir növ kömək etməyə çalışdıq" (MÜSAHİBƏ)

news photo

14.08.2018 11:31 // Bizim istedadlar

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cari ilin may-iyun aylarında “İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi” layihəsi həyata keçirilmişdir. Müsabiqənin nəticəsinə əsasən Lənkəran Gənclər Evini təmsil edən və “Cəza” videoçarxı ilə birinci yerə laiq görülən Tural Kərimovun Youthportal.az-a veridyi müsahibəni təqdim edirik:

Özünüz haqqında məlumat verin

Tural Kərimov Astan oğlu. 1992-ci ildə Bakıda doğulmuşam. 2006-ci ildən Lənkəranda yaşayıram. Lənkəran Dövlət Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil almışam. 2012-ci ildən bu vaxta kimi indiki “ARB Cənub” televiziya kanalında ondan çox televerilişdə aparıcı, müxbir və redaktor vəzifələrində çalışmışam. Uşaqlıq illərindən film sektoruna marağım olsa da, 2015-ci ildən dostum, aktyor və rejissor Orxan Cahangirin ekran işlərində öz arzularımı yavaş-yavaş reallaşdırmağa başlamışam. “Bəs mənim hüququm?!”, “Xəstə oruc” , “... qanımdandır” , “Qanun qarşısında” qısametrajlı filmlərinin ssenaristi və prodüseriyəm. 

Layihə sizi nə ilə cəlb etdi və nə üçün bu layihədə iştirak etmək istədiniz?

Gənclər və İdman Nazirliyinin, "MZ Production"nın birgə təşkilatçılığı ilə keçirilən “İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi”ndə bildiyiniz kimi ölkəmizin müxtəlif şəhər və rayonlarından iştirakçılar var idi. Lənkəran Şəhər Gənclər və İdman İdarəsindən Mehman Əliyev bizi məsləhət bilərək Lənkəranı təmsil etməyimizi təklif etdi. Biz, yəni mən və istedadlı rejissor, eləcə də ssenarist olan Şəhriyar Canızadə bu yaradılmış fürsətdən istifadə etməyi qərara aldıq. İş yerlərimizdən 3 günlük icazə alıb, yollandıq Bakıya. Düzdür, biz sadəcə bilmədiklərimizi öyrənmək, təlimçilərin təcrübəsindən yararlanmaq istəyirdik. Təlimin ilk günü layihə üçün qısametrajlı videoçarx çəkməli olduğumuzu öyrəndik. Bu isə layihəni daha da maraqlı etdi, biz təlimdən nə qazandığımızı öz işimizlə sübut etməliydik. “Cəza” qısametrajlı filmimizlə bunu bacardıq və müsabiqənin qalibi olduq.

Hazırladığınız qısametrajlı videoçarx haqqında məlumat verin

Belə oldu ki, dəyərli təlimçilərimizin insan hüquqları ilə bağlı təklif etdiyi müxtəlif mövzulardan son olaraq Şəhriyarın təkidi ilə “Keçmiş məhbusların cəmiyyətə inteqrasiyası”nın üzərində qaldıq. Hazır filmi təqdim etmək üçün çox az vaxtımız var idi deyə, həmçinin dünyada çox nadir toxunulan məsələ olduğuna görə riskə getdik. İnanın ki, 1 gün ərzində 3 fərqli ssenari yazdıq. 

“Cəza”nı izləyənlər nəinki Azərbaycanda, ən inkişaf etmiş ölkələr də belə aktual olan və diqqətdən kənar qalan bir sıra məsələləri görə bilərlər. Tamaşaçı cəzasını çəkmiş insanın “azadlıq”da yaşadığı problemləri, ürək ağrıdan hadisələri görür və özünü baş qəhrəmanın yerinə qoymaqla keçmişdə etdiyi, ya da gələcəkdə etməli olmadığı hərəkətləri görür. Keçmiş məhbusların sosial adaptasiyasına biz də öz qısa filmimizlə bir növ kömək etməyə çalışdıq – “Onlar cəzalarını çəkib, sizin onlara cəza vermək haqqınız yoxdur”. 

Videoçarxı hazırlayan zaman nə kimi maraqlı və ya çətin situasiya ilə rastaşdınız?

“Cəza” qısa filmi hazır olandan sonra facebookda belə bir status paylaşmışdım – “Allah bizim CƏZAmızı verdi” (gülür). İlkin çəkiliş heyətindəkilərin hər birinin başqa işləri olduğuna görə onları bir araya gətirməklə bağlı problemlər oldu, boş yerə xeyli vaxt itirdik, mən də məcburən bütün yükü öz üzərimə götürdüm. Əslində heç filmin rejissoru mən olmayacaqdım. 

Təsəvvür edin ki, məkan, kastinq problemlərini bir təhər həll edib sabah çəkilişə hazırlaşırıq. Hər kəslə, hər yerlə danışılıb və bir günə - səhər tezdən axşamadək çəkiliş bitməlidir. Gecə, yəni bir gün əvvəl saat 11 radələrində baş rolda oynayacaq adam (aktyor deyildi) “yalandan” bir bəhanəylə roldan imtina etdi. Aydın idi ki, vizual olaraq uyğun gəlsə də, məhbus obrazını oynamaq ona pis gəlmişdi, ağır yox, məhz, pis. Bu da elə keçmiş məhbusun cəmiyyətdə necə qarşılanmasına bir nümunədir. Nə isə. 

Təsadüfən Orxan Cahangir mənə zəng elədi, mən də bu vəziyyəti ona danışdım, hətta çəkilişdən imtina edəcəyimi dedim. O, isə sağolsun, məni fikrimdən daşındırdı və işini-gücünü atıb çəkiliş günü səhər tezdən özünü Bakıdan Lənkərana çatdırdı. Baş rolda oynadı, özü də necə! Nə yaxşı ki, Orxan canlandırdı bu obrazı. Yəqin ki, “Cəza”ya baxanlar bu uğurlu aktyor oyununu heç vaxt yaddan çıxarmazlar. Maraqlı bir faktı da qeyd edim ki, “Cəza”da topla oynayan qonşu uşaqları real həyatda keçmiş məhbusun uşaqlarıdır.

“Cəza” qısametrajlı filmi ilə yanaşı, digər ölkə səviyyəli festivalda da birinci yerə laiq görülən filminiz var. Bu haqda nə danışa bilırsiniz?

Şükürlər olsun Allaha ki, məni may və iyul aylarında ölkənin ən mühüm festivallarında zirvəyə qaldırdı. “Cəza” mənim ikinci rejissor işimdir, bundan əvvəl mən çox fərqli ssenarimlə rejissor debütum olan “Kitab və qutab”ı lentə aldım. Xalq yazıçısı Anarın 1988-ci ildə çapdan çıxan "Seçilmiş əsərləri"nin tanıtım videoçarxını çəkdim və ölkəmizdə üçüncü dəfə keçirilən Buktreyler Festivalında birinci yerə layiq görüldüm. Əsas ssenarinin içində başqa ssenariyə keçid etməklə kitabın içindəki əsərlərə diqqət çəkməyi bacardım, o cümlədən (kaşesiz görüntülərdə) bu sənətə səhv düşən və gördükləri işdən xəbərsiz olan insanları hədəfə aldım. “İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi”ndə tanışlıq vaxtı həm iştirakçılara, həm də təlimçilərə Tural Kərimov adı bir şey ifadə etməsə də, “Kitab və qutab” deyən kimi, artıq qarşıdakı adam bilirdi ki, söhbət kimdən gedir. “Onu çəkən sənsən? sualı və gözlərdəki parıltı mənə qürur verir. Xüsusən də hər iki birincilikdə ekran əsərlərimizə ümumi baxış zamanı zaldakı o alqışlar, təbriklər insana dünyaları bəxş edir. Onu da deyim ki, “Cəza”da 2 dəfə gur alqış səsləndi, birinci də elə bildilər ki, keçmiş məhbus baş mühəndisi alətlə vurdu və bitdi. Sonra görəndə ki, əslindəson heç də belə deyil, o zaman alqışları eşitməyiniz lazım idi. Çox çətin yollardan keçmişik, elə problemlər yaşamışıq ki, deyiləsi deyil, amma bu uğurlar stimul verməklə yanaşı, həm də bu əziyyətləri boşa çəkmədiyimizi başa salır mənə.

Rejissorluq fəaliyyəti sizin üçün bir xobbidir, ya peşəkar bir həddə çatdırmağı düşünürsünüz?

Ümumiyyətlə mənim iddiam rejissorluğa deyil, ssenaristliyədir. Təvazökarlıqdan uzaq olsa da, mən özümə indi “Azərbaycanın ən yaxşı ssenaristlərindən biriyəm” - deyə bilərəm. Başqaları da bunu deyə bilər, əgər paxıllıqları tutmasa (gülür). Rejissor kimi isə mən bu sözü ağlımdan keçirtmirəm. 

Bu arada eksklüziv olaraq deyim ki, “Cəza”nın yaradıcı heyəti yeni qısametrajlı film üzərində çalışır ki, yaxın günlərdə qızların təhsildən yayınması ilə bağlı önəmli bir mövzunu ekranlara gətirəcəyik. Yenə fərqli yanaşmamız olacaq. 

Mən həmişə çalışıram ki, kim hansı sahədə daha yaxşıdırsa, o iş də ona tapşırılsın. Yeni qısa filmimizin ssenaristi mənəm, rejissoru Orxan Cahangir, operatoru Zamin Səmədov və montajçısı Mübariz İsayevdir. Bu dəfə aktyor heyəti daha genişdir. Hobbi məsələsinə gəldikdə isə, rejissora bu işi hobbi kimi görmək yaraşmaz, ən azından mən yaraşdırmıram. Hə düzdür, bu gördüyüm işlərdən əlavə və 2ci planda hekayələri səsləndirməklə, şeir yazmaqla və reper kimi fəaliyyət göstərirəm. Onları da elə-belə yox, ürəkdən sevdiyim və fərqli qabiliyyətlərim olduğu üçün edirəm. 

Səhnə adım ToURALone-dur. Lentə aldığımız filmlərdə də titrlərdə adım məhz belə yazılır. “Salam olsun cümləmizə” adlı ilk eksperimental albomumdan sonra indi “Səsi külək adam” albomu üzərində işlər gedir. İkinci albomumun ilk treki olan “Duman”ın klipi artıq işıq üzü görüb. İzləsəniz, görərsiniz ki, özüməməxsus bir janrda ifa edirəm. İnşAllah yaxın vaxtlarda müəyyən maddi problemləri həll edərək digər trekləri də klipləri ilə birgə paylaşacam.

Sonunda isə oxucularımıza tövsiyyəniz

Hələ heç bir əziyyət yerdə qalmayıb. Əgər nə vaxtsa ən azından mənim kimi uğur qazanmaq istəyirsinizsə, o zaman doğru bildiyinizə inanın və müəyyən düzgün çərçivələriniz olsun. İncəsənətdir deyib, şeytanın tələsinə düşməsinlər, hər ürəklərinə, beyinlərinə gələni çəkməsinlər. Ssenarist öz gücünü onda bilir ki, yazdıqlarından lazımsız olan hissəni çıxarmağı bacarır və ya elə bir hissə əlavə etməyi bacarır ki, o olmasa, ümumi iş zay məhsula çevrilir. Bütün bunu da özü hiss edir, anlamağı bacarır. Həm oxuculara, həm də əsl yaradıcı insanlara demək istəyirəm ki, bir-birimizə dəstək olaq, ən xırda uğurumuza sevinək. Zövqlü, keyfiyyətli işlərə, onlara imza atanlara laqeyd qalmayaq. Xüsusən də əllərində kömək etməyə, dəstək olmağa gücü çatan insanlar incəsənətimizin, mədəniyyətimizin düzgün inkişafına investisiya qoysunlar. Ehtiyac var, belə dəyər verən insanlara. Gözləməsinlər ki, bizim kimi müəyyən qədər parıltısı olan gənclər ya sönsünlər, ya da neçə illərdən sonra tozlarını öz əlləriylə silsinlər. Həmin insanlar gördükləri anda əllərini uzatsın, yoxsa sonra hər iki tərəf üçün çox gec olacaq.

Yasəmən Kərimova

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi