Ru
Bakı
USD
EUR
GBP
RUB

Həndbol üzrə avrokuboklarda Azərbaycanı üç klub təmsil edəcək

news photo

10.08.2018 12:31 // İdman

Yeni mövsümdə həndbol üzrə avrokuboklarda Azərbaycanı üç komanda təmsil edəcək. Qadınlardan ibarət “Azəryol” komandası “Çağırış kuboku” turnirində, son ölkə çempionu “Azərsu” isə “EHF Cup” uğrunda yarışlarda mübarizə aparacaq. Kişi həndbolçulardan ibarət “Bakı” komandası isə “Çağırış kuboku” turnirində etimadı doğrultmağa çalışacaq.

Azərbaycan Həndbol Federasiyasından Youthportal.az-a bildirilib ki, ölkəmizi Avropa miqyaslı yarışlarda təmsil edən həndbol komandalardan biri “Azəryol”dur. Qadın həndbolçulardan ibarət klub 2017-ci ilin fevralında təsis olunub. Yarandığı ildə həndbol üzrə 24-cü Azərbaycan çempionatına qatılan paytaxt təmsilçisi gümüş mükafata layiq görülüb. Həmin il çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında da qüvvəsini sınayan “Azəryol” bu yarışda da mükafatçılar sırasına yüksəlib. “Azəryol-1” və “Azəryol-2” adı ilə yarışlara qatılan klubun həndbolçuları etimadı doğruldublar. Belə ki, “Azəryol-1” çempionatın gümüş medallarına sahib olub.

“Azəryol”un Avropa Həndbol Federasiyasının “Çağırış kuboku” turnirində debütü də uğurlu alınıb. İlk mərhələdə Lüksemburqun “HB Düdelanj” komandasına hər iki görüşdə qalib gələn komandamız rəqibi mübarizədən kənarlaşdırıb. Lakin dörddəbir final mərhələsində komandamız “Kristiansiad” (İsveç) səddini adlaya bilməyib. Komanda 25-ci Azərbaycan çempionatını da gümüş medallarla bitirib. Ölkə kuboku uğrunda yarışlarda isə fəxri kürsüdən kənarda qalan “Azəryol” çempionatın gümüş mükafatçısı kimi yenidən “Çağırış kuboku” turnirində ölkəmizi təmsil edəcək.

Qadın həndbolçulardan ibarət daha bir komandamız - “Azərsu” klubu 2017-ci ilin iyulunda yaradılıb. “Azərsu” ən yüksək nəticəsinə 25-ci Azərbaycan çempionatında imza atıb. Komanda sözügedən yarışın baş mükafatına layiq görülüb. Çimərlik həndbolu üzrə ölkə çempionatında çıxışı uğursuz alınan “Azərsu” komandası Azərbaycan kuboku uğrunda yarışlarda yenidən inamlı təsir bağışlayaraq ikinci pillənin sahibi olub. Son ölkə çempionu “EHF Cup” uğrunda yarışlarda qüvvəsini sınayacaq.

Kişi həndbolçulardan ibarət “Bakı” komandasının da təməli 2017-ci ilin iyulunda qoyulub. Yarandığı gündən iddiaçılar sırasında olan paytaxt klubu mükafatları sıralayıb. Əvvəlcə çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına qatılan komanda gümüş medalların sahibi olub. Ardınca XXV ölkə çempionatı və Azərbaycan kuboku uğrunda yarışlarda bütün rəqiblərini üstələyən “Bakı” 2017-2018-ci il mövsümünü qızıl dublla yekunlaşdırıb. Bununla kifayətlənməyən paytaxt həndbolçuları mayın 9-dan 11-dək Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq turnirdə də inamla mübarizə aparıblar. Qələbəyə əsas namizədlərdən sayılan “Bakı” bu turniri ikinci pillədə başa vurub. Ümumilikdə isə mövsümün ən uğurlu komandalarından hesab olunan “Bakı”, “Çağırış kuboku” uğrunda yarışlarda da etimadı doğrultmağa çalışacaq.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi