Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa çempionatında medal qazanan karateçilərlə görüş keçirilib

news photo

16.05.2018 17:22 // İdman

Gənclər və İdman Nazirliyində Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında medal qazanan karateçilərlə görüş keçirilib.

Youthportal xəbər verir ki, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, məşqçi və idmançı heyəti iştirak ediblər.

F.Mansurov bildirib ki, karate olimpiya idman növü olandan sonra rəqabət xeyli artıb: "Azərbaycan karateçilərinin qələbələri ənənə halını alıb. Başda Rafael Ağayev olmaqla, hamınızı təbrik edirəm. Qarşıda Yeniyetmələrin III Yay Olimpiya Oyunları var. Orada lisenziya gözləyirik. Karate Azərbaycanda artıq məşhur idman növüdür. Bir daha hamınızı təbrik edirəm. Bu, bütün Azərbaycanın uğurudur”.

Y.Bəşirov isə Rafael Ağayevin 11-ci dəfə Avropa çempionu olmasına diqqət çəkib: “Nazir Azad Rəhimovbizə hər zaman dəstək olur. Çalışacağıq ki, həmişə yaxşı nəticə göstərək. Rafaelin 11-ci dəfə Avropa çempionu olması böyük nəticədir. Bu il Madriddə dünya çempionatı var. İstərdim ki, Ağayev orda da çempion olsun. İdmanın zirvəsi olan Yay Olimpiya Oyunlarında da himnimiz səslənsin. Avropa çempionatında 52 dövlət arasında bizim komandadan güclüsü yox idi. Ümumiyyətlə, bizim komanda çox güclüdür. Çalışacağıq ki, qələbələrin ardı gəlsin. Avropa çempionatı mayın 10-da başladı. Bu qələbələrimizi həmin tarixdə 95 illiyi qeyd edilən ulu öndər Heydər Əliyevə həsr etmək istədik. Prezidentimiz İlham Əliyev də idmana qayğı göstərir. Karate də dövlətin diqqət mərkəzindədir. Reytinq yarışlarında iştirak etmək lazımdır. Çünki olimpiya oyunlarına lisenziyada önəmli rol oynayacaq”.

R.Ağayev dünya çempionatında da uğur qazanmağa çalışacağını söyləyib: “Bu, böyük qələbədir. Qarşıda bizi dünya çempionatı gözləyir. Çalışacağıq ki, uğurlarımızın davamı gəlsin. Bizim idmançılar intizama görə Avropa idmançılarında seçilir. Sabahdan məşqlərdə iştirak edəcəyəm. Hər zaman döyüşə çıxanda hər şeyi unuduram. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etmək yox, qızıl medal qazanmaq istəyirəm”.

Nuranə Əliyevə isə əldə olunan medallarda məşqçilərin rolunu qeyd edib: “Bizim qələbələrimizdə ən çox əziyyət çəkən baş məşqçilərdir. İkinci dəfə bürünc medal qazandım. Qarşıdakı yarışlarda da qızıl medal götürməyə çalışacağam”.

Qeyd edək ki, yarışda Azərbaycanı müxtəlif çəki kateqoriyalarında, həmçinin individual kata və komanda kata dərəcəsində 17 idmançı təmsil edib. Nuranə Əliyeva (50 kq) və Roman Heydərəv (kata) bürünc, Şahin Atamov (84 kq) və İrina Zaretski (68 kq) gümüş medal qazanıblar. Rafael Ağayev isə qızıl medal qazanaraq 11-ci dəfə Avropa çempionu olub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi