Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Təşkilatları Milli Şurası “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyasına start verir

news photo

01.12.2016 16:38 // Siyasət

Azərbaycanın vahid gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyasına start verib.

Kampaniyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanaqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat işlərinin aparılması, gənclərin təlimləndirilməsi ilə maarifləndirilməsi, sosial proqramlara və aktiv ictimai fəaliyyətlərə cəlb olunması, nəticə etibarı ilə Dayanıqlı İnkişaf Məqsədinin çatılmasında gənclərin rolunun artırılmasına nail olmaqdır. Kampaniya gənclərin daha yaxşı gələcəkdə yaşamasının təminatcısı kimi onların məşğulluq, təhsil sahəsində çatışmazlıqlar, HİV/QİÇS mövzusunda məlumat azlığı məsələlərini önə çixarmaqla aparıcı təbəqənin ictimai-sosial mövqeyinin formalaşmasında və asudə vaxtının təşkilində yaşanan problemləri, eləcə də gender problemləri və erkən nikah kimi mövzuları əhatə edir.

“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası zamanı dayanıqlı inkişaf məqsədlərini təşviq edən və müxtəlif maarifləndirici, statistik məlumatların, qrafiklərin özündə əks olunduğu video-infoqrafiklərin hazırlanması, sosial şəbəkələrdə tanıtım işinin aparılması, 17 dayanıqlı inkişaf məqsədlərindən Keyfiyyətli Təhsil, Gender Bərabərliyi, Yaxşı Səhiyyə və Rifah adlı 3 məqsədi özündə təzahür edən sosial video-çarxların çəkilməsi və sosial şəbəkələrdə paylaşılması nəzərdə tutulub. Kampaniya çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fəal gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin düşüncələrinin öyrənilməsi, təkliflərinin dinlənilməsi, fərqli və bənzər fikir mövqelərin olmasının müəyyən edilməsi məqsədilə Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində təlim kursları təşkil olunacaq.

Kampaniya müddətində Gənclər Təşkilatları Milli Şurasının üzvü olan 114 gənclər təşkilatı və digər gənclər təşkilatları arasında sorğu keçiriləcəkdir. Sorğunun əsas məqsədi DİM-in məlumatlılığ səviyyəsini müəyyənləşdirmək, aktual məsələ və vəzifələri aşkarlamaqdır. Sorğuda 300 nəfər gəncin iştirakı planlaşdırılır. Sonda sorğunun nəticələri ilə bağlı hesabat hazırlanaraq ictimaiyyətə çatdırılacaq.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynovun start verilən kampaniya haqqında fikirlərini bölüşdü: “Dünya liderləri tərəfindən qəbul olunan DİMlər yaşadığımız dünyanın gələcəyini müəyyənləşdirən, hər birimizin sabahına təsir göstərəcək istiqamətləri əhatə edir. DİMlər çərçivəsində icra mexanizmlərinin formalaşdırılması, ölkə prioritetlərinin formalaşdırılması və məqsdələrin çatılmasında gənclərin rolunun fəal oması vacibdir. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması isə DİMlərin həyata keçirilməsində Azərbaycan hökümətinin maraqlı olduğunu və bu sahədə təsirli addımların atılacağının göstəricisidir. Tərəfdaşlarla birlikdə başlatdığımız kampaniya məhz bu sahədə gənclərin iştirakçılığının artırılmasına, gənclərin məlumatlandırılması və maarifləndirilməsinə yönəlib”.

BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin Baş Müşaviri Fərid Babayev bildirib ki, bu günün gəncləri sabahın liderləri və müxtəlif istiqamətlərdə çalışacaq inkişaf mühərrikləridir. “Gəncləri DİMlər haqqında maarifləndirməklə, onların potensialların üzə çıxartmağa şərait yaradmaq mühüm şərtdir”.

Əlavə edək ki, artıq dünya liderləri tərəfindən BMT-nin Baş Qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-30-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunmuşdur. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keciriləcək proseslərlə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoyacaq, rifahı təşviq etməklə ətraf mühiti qorumaq üçün yeni 17 yolun - məqsədin müəyyən edildiyi iddialı gündəlik barədə razılığa gəlmişlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunu tərəfindən həyata keçirilən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələr 2014-cü ilin iyul – avqust aylarını əhatə edib.

Milli Məsləhətləşmələr çərçivəsində Bakı, Gəncə və Quba şəhərlərində QHT-lər, hökumət qurumları, mətbuat orqanlarının nümayəndələri və fəal gənclərdən ibarət 100-ə yaxın gəncin iştirakı ilə məsləhətləşmələr keçirilib. Milli Məsləhətləşmələr çərçivəsində toplanan fikirlər və layihənin video və təsviri hesabatı Birləşmiş Millətlər Təşkilatının Baş ofisinə təqdim olunub.

Bunun nəticəsində həyata keçirilən fəaliyyət və nəticələri BMT-nin İnkişaf Proqramının yekun hesabatında öz əksini tapıb. Ötən ildə isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək Uğrunda Fəaliyyətdə” layihəsini Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirdiyi layihə çərçivəsində bir sıra regionlarda 5 günlük təlimlər keçirmiş, sosial tamaşalar nümayiş etdirmişdir. Bakı şəhərində baş tutmuş yekun konfransda gənclərin təklifləri əsasında bəyannamə qəbul edimiş, Gənclər və İdman Nazirliyinə və Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur. Bəyannamənin BMT-nin Nyu-Yorkda sammitində səsləndirilməsi təklif edilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi