Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayır

news photo

25.10.2018 09:55 // Siyasət

Bu gün Bakıda VI Beynəlxalq Humanitar Forum öz işinə başlayır.

Youthportal.az xəbər verir ki, VI Forum “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm də beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.

İki gün davam edəcək builki Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edəcək. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar.

VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.

Forumda, həmçinin insanların dövrümüzün ən mühüm çağırışlarını qarşılamaq bacarıqlarına dərin inamı, humanizm və bəşəri məsuliyyətin zəruriliyi məsələsi önə çəkiləcək. Bütün bu təşəbbüslər insanların həyatını xilas edən, iztirabları yüngülləşdirən, kəskin və gərgin dəyişikliklər dövründə insan ləyaqətini qoruyan, habelə antropogen böhranlar və fəlakətlərə bənzər situasiyaların önlənməsini təmin edən humanizm aktlarıdır. Forum bu addımları humanizmin bütün dünya üçün vacib əhəmiyyət kəsb edən təməl prinsipləri çərçivəsində - neytrallıq, müstəqillik və obyektivlik şərtləri altında nəzərdən keçirir. Ənənəvi tədbirin konsepsiyasının əsas elementi BMT baş katibinin tərəfdaşlığa, vətəndaş cəmiyyətinin həmrəyliyinə, milli hökumətlər və beynəlxalq təşkilatların əməkdaşlığına çağırışıdır.

2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TürkPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (IPU), BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak edəcəklər.

Tədbirə, həmçinin Sudanın vitse-prezidenti, Rusiya və Slovakiyanın Baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox millət vəkili, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı respublikalardan şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılacaqlar.

Beynəlxalq Humanitar Forum çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının təşkili məqsədilə rəngarəng mədəni proqram təqdim olunacaq, qonaqların Bakı şəhərinin gəzməli-görməli yerləri ilə tanışlığı da təşkil ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi