Gənc Səslər, Qədim Nəğmə adlı sənədli filmin nümayişi keçirilib

22 2016 [14:00] - YouthPortal.Az

“Gənc Səslər, Qədim Nəğmə” adlı sənədli filmin nümayişi keçirilib

Nizami Kino Mərkəzində Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun müəllifi olduğu Gənc Səslər, Qədim Nəğmə adlı sənədli filminin nümayişi keçirilib.

YouthPortal-ın verdiyi məlumatına görə, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri, filmin icraçı prodüseri Tale Heydərov Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə verdiyi böyük töhfələrdən danışıb. O qeyd edib ki, Azərbaycanın şah əsəri olan muğam bu töhfələr içində xüsusi rol oynayır. Tale Heydərovun sözlərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamın Azərbaycanda və xaricdə tanınmağı sahəsində çox işlər görüb. 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib:

Həmin ildən bəri muğamın dünyada və Azərbaycanda tanınması sahəsində çoxlu işlər görülüb. Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb, Azərbaycan muğam antologiyası və Qarabağ xanəndələri adlı albom hazırlanıb. Artıq bir neçə ildir ki, beynəlxalq muğam müsabiqələri keçirilməkdədir.

T. Heydərov əlavə edib ki, filmin digər ölkələrdə nümayiş olunması və tanıdılması əsas məqsədlərdən biridir:

Əsas məqsədimiz işğala, çətinliyə baxmayaraq muğam sənətinin Azərbaycanda yaşadığını göstərməkdir. Bunu yaşadan Qarabağdan gələn məcburi köçkünlərdir. Onların sayəsində, eyni zamanda dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində bu gün muğam Azərbaycanda yaşamaqdadır. Biz bu filmin premyerasını Londonda uğurla nümayiş etdirmişik. Məqsədimiz filmi dünyanın digər ölkələrində də nümayiş etdirməkdir.

Təqdimatda ekran əsərinin müəllifi Cefri Verbok təəssüratlarını tamaşaçılarla bölüşüb. C. Verbok qeyd edib ki, on altı il əvvəl Azərbaycan mədəniyyəti haqqında film çəkmək ideyası yaranıb və uzun illərdən sonra Avropa Azərbaycan Cəmiyyəti ona dəstək verib:

Çox şadam ki, biz bu filmi ərsəyə gətirə bildik. Filmin Bakıda təqdim olunması məni çox sevindirir. Filmdə gənclər qədim nəğmə olan muğamı ifa edirlər. Ekran əsərinin çəkiliş prosesində yaşadıqlarım çox maraqlı oldu. Eyni zamanda yurdundan didərgin düşən adamların çox çətin həyatını gördüm. Dünyanın çox ölkəsində qaçqınlar var, amma ilk dəfə Azərbaycanda bu qədər qürurlu insanlar gördüm. Mən Azərbaycan mədəniyyətinə vurğunam. Azərbaycanın çox zəngin mədəniyyəti var. Bu mədəniyyətdən dünyanın az məlumatı var. İstəyirdim ki, bu mədəniyyətə bütün dünyaya çatdıram. Azərbaycanlılar layiqdir ki, onların mədəniyyətini dünya tanısın.

Sonra film nümayiş olunub. Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır. Muğam qədim mənşəyi olan, yüksək dərəcədə mürəkkəb, incə koloritli, ölçüsü olmayan mikrotonlu, mənəvi baxımdan güclü və emosional musiqidir. Ekran əsərində eyni zamanda muğamın sehrinə və mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadı barədə bəhs edilir. Filmdə eyni zamanda bu istedadlara işğalın vurduğu zərbə, Dağlıq Qarabağ münaqişəsinin azərbaycan və dünya mədəni irsinə vurduğu zərbə göstərilib, münaqişə barədə ətraflı məlumat verilib. Tanınmış amerikalı muğam ifaçısı Cefri Verbok 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq , qədim muğam ənənələrini yaşadan az yaşlı uşaqların ifasına valeh olur. Amerikaya qayıtdıqdan sonra çəkdiyi kadrları izləyərkən, onlardan birinin vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirir.

Cefri vaxtilə gördüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını və yeni gənc nəslin öz zəngin muğam irsinə maraq göstərib-göstərmədiyini öyrənmək məqsədilə 8 il sonra yenidən Azərbaycana gəlir.Onun məcburi köçkün düşərgələrinə maraqlı və sərgüzəştlər ilə müşayiət olunan səyahəti başlayır. Filmdə C. Verbokun vaxtı ikən dinlədiyi həmin üç uşaq ifaçının yeni köçkün qəsəbələrində axtarışları, onların indiki həyatı və musiqi bacarıqlarının necə inkişaf etdirməsi haqqında söz açılır.

Təqdimat mərasimi Cefri Verbokun kamançada Azərbaycan muğamının ecazkar ifası ilə yekunlaşıb.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
 

Bizə qoşulun