Necdet Öztürk: İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm

12 2018 [18:56] - YouthPortal.Az

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

UNEC-dən Youthportal- a bildirilib ki, rektor Ədalət Muradov rəhbərlik etdiyi universitetdə inklüziv təhsil sahəsində görülən işlərdən bəhs edib, əlilliyi olan tələbələr üçün 2015-ci ildən mərkəzin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanda inklüziv ali təhsildə ikili diplom proqramının ilk dəfə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında həyata keçirildiyini qeyd edib. UNEC-də 26 fiziki məhdudiyyətli tələbənin təhsil aldığını diqqətə çatdıran Ə.Muradov onlara universitetin ictimai və sosial həyatında da fəal iştirak etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Rektor ötən il beynəlxalq reytinqlərdə dünyanın ən yaşıl 619 universitetindən biri seçilən UNEC-in inklüziv təhsil sahəsində də dünyanın ən yaxşı universitetləri ilə bir sırada dayanacağına əminliyini ifadə edib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli UNEC-in əlilliyi olan tələbələr üçün mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib. H.Rəcəbli ölkədə təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn, xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan danışıb, bu sahədə ardıcıl işlər aparıldığını diqqətə çatdırıb.

Dünya Əngəllilər Vəqfinin vitse-prezidenti Necdet Öztürk dünya əhalisinin 15 faizinin fiziki məhdudiyyətli olduğunu diqqətə çatdırıb, onların təhsil hüququnun qorunmasının vacibliyini vurğulayıb. İnklüziv təhsilin xüsusiyyətlərindən danışan N.Öztürk bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən faydalanmağı tövsiyə edib, beynəlxalq standartları açıqlayıb. O, inklüziv təhsildə UNEC modelinin çox uğurlu olacağına əminliyini ifadə edib.

Ombudsman Aparatının hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov məlumat verib ki, Azərbaycan əhalisinin altı faizi əlildir və bu göstərici MDB məkanında ən aşağıdır.

UAE Zayed Sosial Müdafiə Milli Təşkilatının tədris sektorunun baş təlimçiləri Şaron Keqan və Tina Merk inklüziv təhsil sahəsində öz təcrübələrini paylaşıblar.

Konfrans çərçivəsində UNEC ilə Azərbaycan Əlil Təşkilatları İttifaqı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə UNEC-də əlilliyi olan şəxslərin abilitasiya və reabilitasiyası məqsədi ilə birgə səmərəli pedaqoji prosedurların hazırlanması nəzərdə tutulub. Həmçinin birgə layihə, konfrans, seminar və təlimlərin təşkili əksini tapıb.

Üç gün davam edəcək konfransda xarici və yerli mütəxəssislərin inklüziv ali təhsilin bütün istiqamətləri üzrə təlimləri təşkil olunacaq.

Konfrans UNEC, Dünya Əngəllilər Vəqfi, Azərbaycan Əlil Təşkilatları İttifaqı, Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun