Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək

10 2018 [11:02] - YouthPortal.Az

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.

Youthportal xəbər verir ki, elita təmsilçiləri yeni ildə ilk rəsmi oyunlarını XV tur çərçivəsində keçirəcəklər. Həftənin matçları iki günü əhatə edəcək.

İlk görüş Zirə İdman Kompleksinin stadionunda olacaq. Qış fasiləsində təlim-məşq toplanışı üçün yollandıqları Türkiyənin Antalya şəhərində eyni oteldə məskunlaşan Zirə və Sumqayıtın dueli maraqlı mübarizə vəd edir. Komandalar turnir cədvəlində qonşu olsalar da, arada 10 xallıq fərq var. Hazırda 30 xalla 3-cü sırada qərarlaşan zirəlilər çempionluq yarışından qopmaq istəmirlər. Lakin avrokuboklara düşməyi hədəfləyən qonaqlar da qələbə qazanmaq əzmindədirlər.

Bu kollektivlər arasında ilk iki dövrədə baş tutan görüşlərdə meydan sahibləri qalib gəliblər (3:1, 1:2). Son 4 oyunda meydanı qolsuz tərk etməyən Zirə evdəki son 2 matçda qələbə qazanıb. Qəsəbə təmsilçisi çempionatdakı görüşlərin balansında da üstündür: 5 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət.

Günün digər matçı turun mərkəzi oyunu statusunu daşıyır. Ötən mövsüm olduğu kimi cari çempionatda da qızıl medallar uğrunda mübarizə aparan Qarabağla Qəbələ Azərsun Arenada qarşılaşacaqlar.

Mövcud tablo oyunun olduqca gərgin keçəcəyini söyləməyə əsas verir. Hazırda 37 xalla lider olan Ağdam təmsilçisi ikinci sıradakı qırmızı-qaraları 6 xal qabaqlasa da, hansısa komandanı favorit qismində ön plana çıxarmaq çətindir. Hərçənd ilk iki dövrədə meydan sahibləri qələbəni bayram edən tərəf olub (2:1, 0:1). Ümumiyyətlə, Son 7 qarşılaşmada meydan sahibi uduzmayıb. Qarabağ son 5 ev oyunundan xalsız ayrılmayıb. Ağdam klubu indiyə qədər çempionatda 38 dəfə üzləşdiyi qəbələliləri 17 dəfə məğlub etdiyi halda, 10 matçdan məğlub ayrılıb.

Qarabağ və Qəbələ qış fasiləsində transfer bazarında passivlikləri ilə diqqət çəkiblər. Dino Ndlovu kimi aparıcı futbolçusunu Çin klubuna satan ağdamlılar heyətə yeni sima cəlb etməyiblər. Endi Hallidey, Deyv Bulthuis, Ekiqo Ehiosun, Tellur Mütəllimov kimi oyunçularla vidalaşan qırmızı-qaralar isə yalnız Təmkin Xəlilzadəni komandaya götürməklə kifayətləniblər.

Mərkəzi oyun ərəfəsində Qarabağın heyətində uzun müddətə sıradan çıxan Bədavi Hüseynovla yanaşı, Qara Qarayev, Miçel Madeyra və Əfran İsmayılov zədədən əziyyət çəkirlər. Bu üçlüyün meydana çıxıb-çıxmayacağı dəqiq deyil. Qəbələdə isə bir neçə gündür xəstə olan Cavid Hüseynovun durumu sual altındadır.

Bazar gününün ilk görüşü qış fasiləsində böyük dəyişikliklərə əl atan Keşlə ilə debütant Səbail arasında olacaq. Meydan sahibləri yeni baş məşqçiləri Yuri Maksimovun rəhbərliyi altında ilk rəsmi oyunlarına çıxacaqlar. Qış fasiləsində Kamran Ağayev, Məqsəd İsayev, Vaqif Cavadov, Pablo Podio Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon və Sezar Meza Kollini heyətə cəlb edən keşləlilər yetərincə gücləniblər. Bu transferlər daha çox Azərbaycan Kubokunda uğur qazanmağa hesablansa da, çempionat da arxa plana keçməyib. Çünki Keşlə son sıradakı Kəpəzi 1 xal qabaqladığı halda, 6-cı sıradakı Səbaildən 5 xal geridir.

Bu komandaların indiyədək baş tutan görüşlərində eyni nəticə qeydə alınıb. Hər iki matçda meydan sahibi olan tərəf minimal 1:0 hesabı ilə qalib gəlib.

Turun son oyununda qış fasiləsində keçirdikləri yoxlama matçlarında 1:8 hesabı ilə uduzmaqla diqqət mərkəzinə düşən Neftçi və Kəpəz üz-üzə gələcəklər. 90-cı illərdə titul uğrunda bir-birlərinə rəqib olan kollektivlər indi hədəflərindən uzaq düşsələr də, vəziyyətlərini yaxşılaşdırmağa can atırlar. Hazırda 16 xalla 5-ci pillədə yer alan bakılıların məqsədi avrokuboka düşməkdirsə, gəncəlilər zirzəmidən qurtulmaq istəyirlər.

Bakcell Arenada baş tutacaq görüş bu kollektivlərin ölkə çempionatında yubiley 50-ci oyunun olacaq. Əvvəlki duellərin 22-dən Neftçi, 18-dən Kəpəz qalib gəlib. Ağ-qaralar son 2 görüşdə qol buraxmayıblar. Sarı-göylər isə son 3 səfərdə də rəqib qapısına yol tapa bilməyiblər. Bakılılar cari mövsümdə evdə rəqibin müqavimətini qıra bilmədiyi halda (0:0), səfərdə 3 xala seviniblər (1:0).

Azərbaycan Premyer Liqası

XV tur

10 fevral (şənbə)

16:00. Zirə Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Rövşən Əhmədov

Zirə İdman Kompleksinin stadionu

19:00. Qarabağ Qəbələ

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Azersun Arena

11 fevral (bazar)

15:00. Keşlə Səbail

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Fazil Mürşüdov

İnter Arena

17:30. Neftçi Kəpəz

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Bakcell Arena

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun