Nərimanov rayonunda "Suyun rəngli yuxuları" adlı fərdi sərgi keçirilib

7 2017 [14:51] - YouthPortal.Az

05 dekabr 2017-ci il tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi salonunda Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Nərmin Fərəcovanın "Suyun rəngli yuxuları" adlı ebru üslubunda fərdi sərgisi keçirilib.
Youthportal. az xəbər verir ki, sərginin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, ebru sənətinin müəllimi Zaur Orucov, layihənin rəhbəri Nərmin Fərəcova və 60 nəfər gənc və yeniyetmə iştirak etmişdir.
Sərgidə qeyd edildi ki, bəzən xariqələr yaratmaq üçün xüsusi istedada ehtiyac duyulmur. Bununla belə hər insanda ayrı bir istedad mövcuddur, əgər həyatı boyunca kəşf edilməzsə olmadığı qənaətinə gəlinər. Yalnız özünə güvənən insanlar öz istedadlarını nümayiş etdirə bilərlər.
Mədəniyyət yarandığı gündən bu günə kimi dünyada fərqli, müxtəlif incəsənət növləri olmuşdur. Bəziləri unudulmuş, bəziləri dəyişilmiş, yeniləri yaranmış və bəziləri isə hələ də mövcuddur. Ebru sənəti haqqında danışarkən əvvəlcə unudulduğunu, sonradan Qərb marağı sayəsində dirçəldiyini deyə bilərik.
Su üzərində fırça köməyi ilə sirli əllər sayəsində rənglərin ahənglə rəqs etməsi kimi bir metafor işlədə bilərik ebrunu təsvir edərkən. Ebru ilə ilk dəfə tanış olanlar üçün belə deyə bilərik ki, ebru su üzərində hazırlanan bir növ rəsm əsəridir. Lakin rəsmlə ebru arasında çox fərq vardır. Bir ebru sadəcə bir dəfə hazırlana bilər, heç bir ebrunun təkrarı ola bilməz. Yəni rəsm çəkərkən yanlış yerlərini silə biliriksə ebruda belə bir şeydən söhbət gedə bilməz. Daha sonra isə suyun üzərində təsvir etdiyimiz o rəng harmoniyasını kağız üzərinə həkk edərək əbədiləşdiririk.
Ebru sənətinin ilk dəfə IX-X əsrlərdə meydana gəldiyi güman edilir. Bu sənət də xəttatlıq kimi boş vaxtlarda məşğul ola biləcəyimiz, fikri dağıdan, insana ruh yüksəkliyi verən, insan ruhunu yeniləyən, insanın daxili aləminin gözəlliklərini üzə çıxaran bir məşğuliyyətdir. Bəlkə də ebrunun ruha xitab etməsinin sirri də elə məhz adi naxışlardan əmələ gələn hər hansı bəzəyin sadə bir kağız üzərinə köçürülməsində deyil, əksinə, insan hisslərinin xüsusi maddə olan "kitrə" ilə qatılaşdırılmış məhlul üzərinə qızılgül budağından və at yalından hazırlanan fırça, təbii torpaq boya ilə işlənmiş əsrarəngiz görüntüsündədir. Məhz ebrunun terapiya məqsədli istifadəsi də bunu sübut etməyə hazırdır. Ələlxüsus da uşaqlar üçün həddindən artıq maraqlı, rəngli bir dünya yaratmaq istəyi doğarsa içinizdə, həyatlarında sadəcə bir dəfə də olsa ebru ilə tanışlıq fürsəti yarada bilərsiniz onlara. Bu baxımdan, bu gözəl, al-əlvan sənət növü birbaşa insanın iç aləminə səslənir və insana yaşamaq həvəsi, həyat eşqi qazandırır.
Sərgidə Nərmin Fərəcovanın 30dan artıq rəsmləri nümayiş etdirilib.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun