Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans

6 2017 [19:35] - YouthPortal.Az

Dekabrın 6-da Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin işəgötürənlərlə birgə əməkdaşlığa dair konfrans keçirilib.

Youthportal. az xəbər verir ki, konfransın məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb olunması və bu prosesin təşviq edilməsidir.

Öncə konfransda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlara dair videoçarx nümayiş olunub.

Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq rayonun sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatının vacibliyini diqqətə çatdırıb.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi zəruridir. İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə tərəfdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Famil Mustafayev ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd edib.

Tədbirdə Avropa İttifaqının Bakı ofisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, British Petrolium (BP), British Council və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) kimi beynəlxalq təşkilatların, iri sahibkarlıq subyektlərinin nümayəndələri, yerli iş adamları iştirak edib və öz fikirlərini bildiriblər.

Konfransda peşə təhsili müəssisələri ilə dövlət-özəl əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsi məqsədilə sahibkarlar arasında sorğu keçirilib.

Tədbir iştirakçıları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.








 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun