Ölkəmizi tanıyaq layihəsi gənclərin dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır

11 2017 [15:15] - YouthPortal.Az

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən Ölkəmizi tanıyaq layihəsinə laçınlı və xocavəndli məcburi köçkün məktəblilər də qoşulublar.

YouthPortal AZƏRTAC-a istinadən xəbər verir ki, ekskursiyaya yollanan xocavəndli məktəblilərlə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində görüş keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında geniş məlumat verib. Bildirib ki, Qəbələ-Şəki-Zaqatala zonası ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdəndir. Bu rayonlarımız həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları və müasir inkişafı ilə tanınır. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf edib.

Salakətin kənd tam orta məktəbinin tarix müəllimi Telli Alıyeva vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən Ölkəmizi tanıyaq layihəsi gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır. Bu aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində qazanılmış nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə əldə edilən nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır.

Təhsil işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssürat arzulayıblar.

Salakətin kənd tam orta məktəbin şagirdi Umudlu Gültər AZƏRTAC-a müsahibəsində deyib: Mənim dədə-baba yurdum işğal altındadır. Xocavənd rayonu da gözəl təbiəti, tarixi abidələri ilə tanınır. İnanıram ki, doğma Qarabağımız tezliklə işğaldan azad olunacaq, digər bölgələrin şagirdləri həmin yerlərə də ekskursiya edəcəklər.

Tuğ kəndindən olan Şəbnur Novruzlu tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: Sevinirəm ki, mən də ekskursiyada iştirak edirəm. Səfərimiz isə tarixi abidələri ilə zəngin və rəngarəng təbiətə malik bölgəyədir. Bu bölgə ilə bağlı oxuduqlarımı, eşitdiklərimi əyani görəcəyəm. Aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm.

Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzdükdən sonra onlar üçün ayrılmış avtobusla yola düşüblər.

X   X   X

Laçın rayonunun məktəbliləri Ölkəmizi tanıyaq layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyaya məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsindən yola salınıblar.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları ilə keçirilən görüş zamanı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində görülən işlərdən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr verib.

Bildirilib ki, tur-aksiya iştirakçıları Qəbələdə Tufandağ Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, Marxal müalicəvi istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər Zaqatalada müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud meydanını gəzəcəklər.

Laçın rayonu Düşərgə qəsəbə tam orta məktəbin şagirdi Məhəmməd Ağayev deyib: Respublikamızın bir çox bölgəsində olmuşam. İndi isə dostlarımla birgə Şəki, Qəbələ, Zaqatala rayonlarına səfər edirik. Ekskursiya zamanı bu rayonların gözəl təbiəti, tarixi abidələri, görməli yerləri ilə tanış olacağıq. İnanıram ki, doğma Qarabağımız işğaldan azad ediləcək və mən ən böyük arzum olan ata yurdum Laçına da gedəcəyəm.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki büstünü ziyarət etdikdən sonra Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola düşüblər.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun