Pekində Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə dair mühazirə oxunub

12 2017 [17:46] - YouthPortal.Az

Pekin Xarici Dillər Universitetində Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə dair mühazirə oxunub.

Yerli və xarici alimlərin, müəllim və tələbələrin, diplomatların, jurnalistlərin dinləyici kimi qatıldıqları mühazirə universitetin əcnəbi alimlərin “Bir kəmər - bir yol” silsilə məruzələri çərçivəsində təşkil edilib.

Mühazirədə Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin müəllimi, gənc tədqiqatçı Aqşin Əliyev qədim İpək yolu üzərində yerləşən Azərbaycanın tarixi, mədəniyyəti, o cümlədən memarlıq abidələri, xalqımızın adət-ənənələri, mərasimləri, ölkə ərazisində müxtəlif vaxtlarda mövcud olmuş dini inanclar barədə danışıb. Qeyd olunub ki, tarixən müxtəlif xalqların və din nümayəndələrinin dinc, mehriban şəraitdə yaşadığı Azərbaycanda tolerantlıq və multikultural ənənələrə böyük önəm verilir.

Mühazirə zamanı Azərbaycan xalqının qədim inancları, dini abidələri, o cümlədən Atəşgah və Pəriqala məbədləri, ölkə ərazisində diqqət çəkən memarlıq abidələrindən və məkanlardan olan Qobustan, Qız qalası, Yanar dağ, Yanar bulaq haqqında məlumat verilib. Novruz ənənələrindən, bu bayrama aid adət və inanclardan, Buta ornamentindən ətraflı bəhs olunub.

Mühazirə çərçivəsində Azərbaycan tarixinə və mədəniyyətinə aid film nümayiş olunub. Sonda dinləyicilərin Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, müasir inkişafı, Azərbaycan ilə Çinin humanitar sahədə əməkdaşlığına dair sualları cavablandırılıb.

A.Əliyev universitetində təşkil olunan digər mühazirədə də isə Azərbaycan dilinin tarixi, müasir Azərbaycan dilinin vəziyyəti, tədrisdə və mətbuatda Azərbaycan dilindən istifadə qaydaları, azsaylı xalqların dillərinin mühafizəsindən danışıb. Müəllif tarixin müxtəlif vaxtlarında Azərbaycanda dil siyasəti, ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması istiqamətində gördüyü işlər, Prezident İlham Əliyevin məsələ ilə əlaqədar imzaladığı sənədlər, onların icrası barədə ətraflı məlumat verib.

Məruzədə Azərbaycan dilinin qorunması istiqamətində Azərbaycan xalqının fədakarlığı, eləcə də hökumət tərəfindən dilimizin qorunması istiqamətində həyata keçirilmiş siyasət, imzalanan qanunların sərəncamların ana dilimizin qorunmasına və inkişafına verdiyi töhfələr vurğulanıb.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun