Bakıda Dəniz kuboku-2017 beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib

11 2017 [13:09] - YouthPortal.Az

Avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən Dəniz kuboku-2017 beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan və Dəniz kuboku2017 haqqında videoçarx nümayiş etdirilib.

Sonra qalibiyyət kuboku və Dəniz kuboku2017 yarışlarında iştirak edən komandaların bayraqları meydana gətirilib.

Dəniz kuboku2017 müsabiqəsində yer tutan komandalar təqdim olunub.

Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin G-124 gözətçi gəmisi və Rusiya Hərbi Dəniz Donanmasının Qrad Sviyajsk kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

İran Hərbi Dəniz Qüvvələrin Cövşən raket kateri 234 balla ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Sarıarka raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.

Qalib komandalara Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin kubok və medal təqdim ediblər.

Sonra yarışın qalibi olan Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, yarışda iştirak edən Azərbaycan komandası ölkəmizi layiqincə təmsil edib. Bu da Azərbaycan Silahlı Qüvvələrinin artan nüfuzunun göstəricisidir. O, iştirakçılara uğurlar arzulayıb.

Nazir müavini yarışları bağlı elan edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodları yerinə yetirilib.

Qeyd edilib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub.

III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən Dəniz kuboku-2017 beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələdə və altı epizodda yarışıblar.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi Dəniz kuboku-2017 də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək.

Dəniz kuboku-2017 beynəlxalq yarışları ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək.

Mərasimdə incəsənət ustalarının, Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.

Xatırladaq ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak ediblər.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun