Ramin Həkimov: Cənab Prezident Azərbaycan gəncini harada görürsə, orada xidmət etmək vətənə ən xeyirlisidir

9 2013 [11:12] - YouthPortal.Az

ASAIF təşkilatının sədri Ramin Həkimovla müsahibəni təqdim edir:

- Ramin, günün neçə saatını Facebook-da keçirirsən? Facebook-da daha çox nə işlə məşğul olursan?

- Bu maraqlı analizi özündə ehtiva edən bir sualdır. Məncə Facebook-dakı aktivlik hadisələrə uyğun olaraq dəyişir. Bununla bərabər insanların özlərini necə hiss etməsindən asılı olaraq da dəyişir.

Bir ara onun fərqinə vardım ki, Twitter Azərbaycanda məşhurlaşmağa başlayan vaxtlarda Facebook öz aktuallığını müəyyən mənada itirdi. Ancaq indi görünən odur ki, müvəqqəti istəklər və hobbilər daha uzunmüddətli və uğurlu sosial şəbəkə layihələrinə uduzur və Facebook bu gün öz aktuallığı ilə bunu sübut edir.

Mən sosial cəhətdən aktiv, fəal insanam. Facebook şəxsi münasibətlərdə və bəzi üzləri ifşa etmək kimi fəsadlar törətsə də, müsbət cəhətləri də çoxdur və ən müsbət faktor odur ki, yüzlərlə, minlərlə tanış, dost, yoldaşla mobil telefon əvəzinə rahat şəkildə burada danışırsan və bu ödənişsizdir. Məncə hər kəsi cəlb edən əsas tərəf budur.

Bakıya qayıtdıqdan sonra Facebook-da ancaq gecələr ola bilirəm, gün ərzində az vaxt keçirirəm. Bugünkü fəaliyyətin də əsas istiqaməti ASAIF ailəsi üzvləri ilə mütəmadi əlaqə saxlamaq, məni tanıyan və tanımayan insanlardan gələn ismarışları səbirli şəkildə cavablandırmaqdır.

- Facebook-un çatına daha çox vaxt ayırırsan yoxsa statuslarına?

- Fərqli sualdır. Mən ümumiyyətlə 2 ildən artıqdır ki, çatda bir dəfə də online olmamışam. Sadəcə Facebook-a daxil oluram və “inbox”uma gələn ismarışlara cavab verirəm. Online çatdan faydalanmıram.

Təbii ki, müqayisədə statuslara daha çox fikir ayırıram. Amma onların da yazılışı vaxt aparmır, beyin hərəkət etdiyi müddətcə insan övladı düşünəcək və yazacaq.

- Amma sənin statusların daha çox ibrətamiz fikirlər, dahilərin sözləri olur. Bu nə ilə bağlıdır?

- Çox gözəl vurğuladın. İbrətamiz sözü burada açar sözlərdən biridir. İnsan düşünən, düşünə bilən canlıdır, fərqimiz və dəyərimiz də elə budur. Düşünüb şəxsi inkişafımızı təmin etmək var ikən niyə düşünmədən hərəkətlər edib sonradan düşünməyə məcbur olaq?

Fəlsəfəni sevirəm, fəlsəfi fikirlərə dəyər verirəm. Yazdığım statuslar içində tarixi şəxsiyyətlərin, filosof, elm adamlarının fikirləri də olur, gündəlik həyatdan yaşadıqlarımdan dərk etdiyim və tamamilə içdən gələn fikirlərim də olur.

Önəmli olan fərqli düşünə bilmək, insanlara, xüsusilə gənc nəslə nədəsə kömək edə bilmək və düzgün istiqamət seçimində yardım etməkdir. Mən hər kəsi bu statuslarla düşünməyə dəvət edirəm, hər zaman oxumağa, araşdırmağa və həyata, insanlara münasibətə, qısacası hər şeyə bir az daxildən, bir az daha səmimi və daha dürüst yanaşmağı göstərməyə çalışıram.

Ola bilər ki, bəzi fikirləri yazıram, lakin bu o demək deyil ki, mən buna tam inanaraq yazıram. Xeyr, sadəcə bu bir düşüncədir, insanlar oxuduğu zaman düşünsünlər və analiz etsinlər, nəticə çıxarsınlar, özüm də başda olmaqla. Bu özünütərbiyə və individual inkişafdır.

Səninlə müsahibəyə başlamadan az öncə bir status yazmışam: Nə danışdığın deyil, necə anlaşıldığın önəmlidir. Məncə bu tam yerinə düşdü. Bu müsahibədən sonra da əminəm ki, nə dediyimi insanlar necə başa düşür, necə qələmə verir daha önəmli olacaq.

- Ramin, fikir verirəm ki, Facebook-da statuslarını daha çox qızlar like edirlər, bu səncə nə ilə bağlıdır?

- Qızlar statuslarımı ona görə like edir ki ... (düşünür). Məncə xanımlar yanlarında özündən əmin və nə istədiyini bilən, xarakteri və heysiyyəti güclü olan bəylər istəyərlər.

Məncə bunun cavabını onlardan soruşmaq lazımdı ki, niyə like edirlər. Mənim özüm üçün də maraqlıdır. Nəticədə hər birinə təşəkkür edirəm, sağ olsunlar, var olsunlar.

- Bəs onların like etməsini qısqanan bir xanım var həyatında?

- Keçən dəfə millətə yaydın ki, Ramin ingilis qızı almayacaq, ona görə anası rahat olsun. Bu dəfə deyirəm ki, fikrimi dəyişdim, ingilis xanımla ailə həyatı quracağam (gülür). Amma hələ ki, o ingilisi tapmamışam. Zarafatdan kənar, ola bilər ki, kimsə qısqansın, amma hələ ki, xəbərim yoxdur

- Ramin, maraqlısı odur ki, ətrafında yüzlərlə qız olan oğlanlar həmişə yalnız qalır. Səncə bu niyə belədir? Məsələn biri sən özün.

- Yalnızlıq yanlış münasibətlərdən qorunmaq üçün bizə verilən bir hədiyyədir. Yüzlərlə xanımdan biri ilə tam yaxın münasibət qurmaq digərlərinin müəyyən mənada səndən uzaqlaşması deməkdir. Çalışıb hər kəsə bərabərhüquqlu yanaşmaq lazımdır.

Bilirsən ki, ASAIF-i ailə edən dəyərlərdən biri də bizim tədbirlərimizdə, forumlarımızda tanış olan insanların ailə həyatı qurması və körpə ASAIF-çilərin dünyaya göz açmasıdır. İndiki missiyam öncə bu insanların sayını artırmaqdır (gülür).

Əlbəttə ki, mənim də vaxtım gələcək, lakin indi məndən daha gənc olanların evliliklərini müşahidə edirəm. Daha artığı, həyatda bir yerə sağlam şəkildə gəlmək və özünü təmin etmək lazımdır ki, sabah ailə həyatı qurduğun zaman peşman olmayasan. Buna görə də tələsmirəm, hər şeyin öz vaxtı var.

- Ramin, xaricdə oxuyan azərbaycanlı qızla ailə həyatı qurarsan? Çünki ailələr çox vaxt tək başına xaricə gedən qızı qəbul etmirlər.

- Bəli və ya xeyr demək hər ikisinin ayrı məsuliyyəti var. Həyatda bir çox şey şəxslərin özündən asılıdır və mən təmiz, dəyərli və layiqli insanın hər yerdə eyni olduğunu düşünürəm. Ona görə də xaricdə təhsil alan bir xanımın evliliyi də məncə maneə deyil.

- Bəs səncə hansısa xanım ASAIF-i idarə edə bilər?

- Ola bilər beyin və düşüncə baxımından mümkün olsun, ancaq fiziki baxımdan bunun mümkün olduğuna inanmıram.

- Ramin, bir az da real həyatdan danışaq. Ətrafında bu qədər gənc var, özü də çoxu xaricdə oxuyanlardır. Sualım isə belədir: Xaricdə təhsil alan gənclə Azərbaycanda təhsil alanların fərqi nədir?

- Həm oxşarlıq var, həm fərq. Xaricdə təhsil almış gənclər də yerli təhsil ocaqlarında tələbə həyatı yaşamış gənclərdən kifayət qədər fərqlənirlər.

Düşüncə tərzi, həyata və yaşama baxış, fərqli həyat təcrübəsi, əcnəbi dostlar, multikultural cəmiyyətdə yaşamağa alışqanlıq, gülərüzlülüyə və tamamilə cəmiyyətdə olan azad düşüncəyə meyillilik, şəxsi münasibətlər baxımından fərqli tərzlər, tələbə həyatının özünün başdan-başa fərqliliyi, kampus həyatı, kitabxanada keçirilən gecə-gündüzlər, orda yaşanılan çətinliklər, ailədən və dostlardan kənarda yaşamaq savaşı, fərqli mühit və fərqli dostluqlar və bu kimi daha bir çox şeyi yaşamış gənclə Bakıdakı və ya regiondakı universitetlərdə təhsil alan gənclər arasında fərqlər var və çox böyükdür.

- Ramin, səninçün deyirlər ki, özündən razı gəncsən. Bu nə ilə bağlıdır səncə?

- Kim deyir bunu, gözəl insan?

- Niyə suala sualla cavab verdin ki? Özündən razı olmaq pis şeydir?

- Gəl kartlarımızı açıq oynayaq. Mən bəzən insanlar yalan danışanda xoşuma gəlir. Çünki onlar olmaq istədikləri, lakin ola bilmədikləri insanlar haqqında danışırlar. Məndə isə özündən razılıq deyil, özündən yaxşı mənada əminlikdir.

Bu iki anlayış arasında çox incə bir cizgi var, önəmli olan bu cizgidə itməməkdir. Özümə əminəm ona görə ki, gördüyüm işdən, daşıdığım məsuliyyətdən agaham. Bir missiya varsa, bir ideya varsa onun uğrunda fədakarlıq edirəm, işə necə deyirlər, canımı qoyuram. İnsan uğurların deyil, dəyərlərin insanı olmalıdır. Ən azından Eynşteyn bunu deyəndə həyatda nəyə nail olmaq istədiyini başa düşmək olar.

Tam səmimi deyim. Bu gün mənim həyatımda ən yaxın dostlarımdan bir neçəsi ilkin münasibətdə sən dediyin kimi fikirləşirdilər və bu nədən qaynaqlanır tapmaq çətindir, amma bu gün biz ən yaxın dostlarıq. İnsanları tanımaq lazımdır, hər insanın tanınmağa şansı var, bu şansı insanlara çox görmək ədalətli olmazdı deyə düşünürəm. Ən sonda haqqımda elə düşünənlərə Mövlanədən bir sitat gətirərək cavab verim: Bizi bilən bilir, bilməyən də özü kimi bilir.... Yəni ki, insanı tanımaq üçün başqalarının onun haqqında deyil, onun başqaları haqqında nə dediyini dinləmək lazımdır.

- Ramin, 5 il sonra özünü harada görürsən?

- 5 il sonra da, 10 il sonra da, bundan sonrakı yaşamım müddətində vətənimə, millətimə və dövlətçiliyimə daha məsuliyyətli işlərin altına əlimi ataraq xidmət etməkdə görürəm. Bizə harada ehtiyac varsa, orada. Cənab Prezident Azərbaycan gəncini harada görürsə, orada xidmət etmək Azərbaycan üçün ən xeyirlisidir deyə düşünürəm. Hazırda isə ASAIF-dəyəm.

- ASAIF-dən söz düşmüşkən, qarşıda nə kimi planlar var?

- Qarşıda plan və layihələr çoxdur. Hal-hazırda təşkilatın fəaliyyətinin yeni istiqamətləri bəlli olur. İdeoloji və sosial yönümlü layihələr, vahid dəyər ətrafında hamının birləşəcəyi bir fəaliyyət, sosial-mədəni təbliğat və ictimai aktivlik, gənclərin işlə təminatı və təcrübə proqramları ilə təminatının sürətlə davam etdirilməsi, xüsusilə işlə təminat barəsində yaxın zamanlarda çoxlu işlərimiz olacaq.

Daha sonra təhsil sahəsində, xaricdə təhsil və dövlət proqramının cəmiyyətə düzgün çatdırılması, gənclərin bu sahədə məlumatlandırılması, müxtəlif tipli sosial-mədəni layihələr vasitəsilə ismarışların çatdırılması, ali məktəblər, universitetlərlə işlər və tələbələrlə keçiriləcək daimi görüşlər, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə mütəmadi əməkdaşlıq, xüsusilə dünyanın ən yaxşı universitetlərində təhsil ala bilmək üçün artıq ASAIF consulting xidmətini həyata keçirəcək və insanları, gəncləri, onların valideynlərini düzgün istiqamətləndirmə yolunda işlər aparacaq.

Bununla da əsas qayəmiz odur ki, gənclər özlərində inam hissini formalaşdırmalı və ən yaxşı universitetlərdə təhsil alıb vətənə qayıtmalıdırlar. Qarşıda tematik və daimi keçirilən forumlar olacaq.

Növbəti forumumuz Berlində gözlənilir, bunun üçün də fərqli ideyalar olacaq. Son yay forumunda Elm, İKT və Gənclər Fondlarının rəhbərlərinin dəstək sözləri və birlikdə konfranslar, elmi forumlar keçirilməsi təşəbbüsü var. Bunun üçün də lazımı işlər aparılacaq və gənclər üçün fərqli tədbirlər keçiriləcək.

- Ramin, sən həm də Xəzər Universitetində dərs deyirsən. Nə tez müəllim oldun?

- Bəli, akademik həyatımın ilk tələbələri Xəzər Universitetindəndir. Nə tez müəllim oldun deyəndə əslində təhsili bitirən kimi müəllimliyə can atmaq lazımdır. Hal-hazırda Xəzər Universitetində artıq 5 ASAIF-çi müəllimlik edir və rəhbər vəzifələrdə çalışır.

Cəmiyyətin yaşlı nəslin müəllimliyinə alışması bizlərin müəllimlik etməsini bir az təəccüblü edir, amma bu formalaşmış fikri də dəyişmək bizlərin borcudur. Bizim tələbələrlə qurduğumuz səmimi münasibət, fərqli münasibət tələbələri universitet həyatına daha da yaxın edir.

Mənim tələbələrim fərqli bir dərsin şahidi olurlar və əminəm ki, bundan razıdırlar, çünki akademik biliklərlə yanaşı onların həyata hazır olmaları və sosial cəhətdən daha təkmilləşmiş olmalarını da təbliğ edirəm.

İştirak etmək istəyən bütün dostlarımız hər həftənin cümə axşamı səhər 9-dan 12-dək Xəzər Universitetinin əsas binasının 4-cü mərtəbəsindəki 403 nömrəli otağı ziyarət edə bilərlər. Ancaq gələndə heç olmasa şirniyyat olsun, çünki bizim dərsdə tələbələr çay və ya kofe də içirlər.

- Hansı sənə daha yaxındır təşkilat sədri olmaq, yoxsa müəllimlik?

- Müəllimlik hissi yeni bir hissdir, təşkilatda isə artıq bir neçə ildir ki varam. Təbii ki, hər ikisinin öz yaxınlığı var.

- Ramin, son olaraq nə demək istərdin?

- Son olaraq hər kəsi mehriban olmağa və bu ilin trendi olan səmimiyyətə dəvət edirəm. Birlikdə, möhkəm, bir-birimizə bağlı şəkildə fəaliyyət göstərək, konfliktlərdən, söhbətlərdən uzaq olaq və ümumi məqsəd üçün çalışaq.

Özümüzə inanaq və bütün addımlarımızda digər insanları da düşünək. Bu həm işdə, həm yolda avtomobil idarə edərkən, həm piyada keçərkən, həm gəzərkən, bir sözlə hər şeydə.

ASAIF-in universitetlərdə görüşləri çox olacaq və daim biz gənclərin xaricdə təhsillə bağlı düzgün məlumatlandırılmasında, onların ən yaxşı universitetlərdə təhsil almalarında köməklik göstərə bilərik, çünki ASAIF-çilər bu günün və gələcəyin intellektual potensiallarıdır, xaricdə təhsil alan gənclərdir, orda yaşayan və bu sahədə tam ixtisaslaşan kadrlardır.

Ən son olaraq isə, bu müsahibəni həyata keçirdiyin və xüsusilə bəzi suallarla mənə problemlər yaşatmaqda israr etdiyinə görə Hacıbəy sənə çox təşəkkür edirəm. Ümid edirəm ki, oxucular bu müsahibəni oxumaqla bir neçə dəqiqəlik dincələ biləcəklər.(gun.az)



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun