Əsas məqsədimiz nümunəvi gənclik modeli yaratmaqdi F. Həsənzadə

22 2013 [12:48] - YouthPortal.Az

Gənclər üçün Təhsil Mərkəzi nə vaxt və hansı məqsədlə yaradılmışdır?

Gənclər üçün Təhsil Mərkəzi 12 dekabr 2000-ci ildə Bakı şəhərində təhsil alan bir qrup tələbə tərəfindən yaradılmışdır. Vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunu artırmaq və onların sosial problemlərinin həllinə kömək etmək olduğunu əsas məqsədi kimi bəyan edən Mərkəz gənclərin, təhsilin, mədəniyyətin və vətəndaş cəmiyyətinin inkişafını əsas fəaliyyət istiqamətləri kimi müəyyən etmişdir.

Mərkəz yarandığı dövrdən bu günə qədər nə kimi uğurlara imza atıb?

Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, Mərkəz Azərbaycanın müxtəlif regionlarında gənclərin sosial problemlərin həlli istiqamətində konkret layihə və proqramlar həyata keçirməyə başlamışdır. Belə ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin xarici ölkələrə mübadiləsi, yeni ədəbiyyatların hazırlanması, gənclər klublarının və kitabxanaların yaradılması, gənclərin hüquqlarının müdafiəsi, təhsil müəssisələrinə texniki kömək, peşə kurslarının yaradılması, mədəni proqramların təşkili və s. istiqamətlərdə 700-dən çox layihə icra edilmişdir. Bu layihələrin icra olunmasında Mərkəz BMT-nin İnkişaf Proqramı, ABŞ Səfirliyi, Böyük Britaniya Səfirliyi, Yaponiya Səfirliyi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Avropa Şurasının Azərbaycan ofisi, Avropa Gənclər Fondu, OXFAM Humanitar Təşkilatı, Dünya Bankı, Norveç Qaçqınlar Şurası, British Council, Danimarka Qaçqınlar Şurası, Qlobal Fond, Beynəlxalq Tibb Korpusu, İSAR, İFES, Beynəlxalq Miqrasiya Təşkilatı və başqa beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilmişdir. Mərkəz qeyd edilən layihələrin həyata keçirilməsində həmçinin Azərbaycan hökuməti ilə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, müxtəlif universitetlər, rayon icra hakimiyyətləri, yerli bələdiyyələr, KİV-lər və kommersiya təşkilatları ilə də sıx əməkdaşlıq etmişdir. Mərkəzin hazırda ölkəmizdə 5 regional ofisi fəaliyyət göstərir. Yaxın zamanlarda bunların sayının artırılması üzərində iş aparılır. Bu göstərici deməyə əsas verir ki, Mərkəz nəinki Qafqazda, həmçinin bir sıra Şərqi Avropa ölkələrinin QHT-lərini əhatə dairəsinə görə qabaqlayır. Gənclər üçün Təhsil Mərkəzi son 5 il ərzində 7 beynəlxalq şəbəkənin üzvü seçilərək, onların işində aktiv iştirak etməyə başlamışdır. Qeyd edək ki, hər il 200-dən çox üzvümüz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq təlimlərdə, seminar və konfranslarda ölkəmizi layiqli təmsil edir. Mərkəz ötən il nüfuzlu beynəlxalq təşkilat olan Avropa Gənclər Klubları Konfederasiyasının üzvü seçilmişdir. Aktiv fəaliyyətinə görə Mərkəz dəfələrlə həm dövlət təşkilatları, həm də beynəlxalq təşkilatlar tərəfindən diplomlarla təltif edilmişdir.

Mərkəz hazırda hansı vəzifələri öz üzərinə götürüb?

Mərkəz ictimaiyyət arasında hüquqi, iqtisadi və sosial maarifçilik işi aparmaq, müxtəlif sahələrdə qabaqcıl dünya təcrübəsini öyrənmək və təbliğ etmək, ölkə gənclərinin intellektual potensialının artırılmasına kömək etmək, eləcə də gənclərdə sağlam həyat və düşüncə tərzini inkişaf etdirmək, yeniyetmə və uşaqların etik-estetik tərbiyəsini, onların digər dəyərli keyfiyyətlərinin inkişaf etdirilməsinə kömək etmək, mədəni-maarif sahəsində əlaqələrin inkişafı üçün bütün yaradıcı potensialdan, onların bilik və bacarığından səmərəli istifadə etmək və digər vəzifələri öz üzərinə götürmüşdür.

Hazırda hansı proqram və layihələri həyata keçirirsiniz?

Hazırda bir sıra proqram və layihələr icra edilməkdədir. Qeyd olunan proqramlar sırasında “QHT Məktəbi” xüsusi özəlliyi ilə seçilir. Qeyd edək ki, bu Məktəb ictimaiyyət nümayəndələrinin, xüsusilə də gənclərin QHT sahəsində dolğun bilgilər almasına şərait yaradır. Məktəb professional QHT menecerlərinin hazırlanması prosesinə də dəstək verir. Bununla yanaşı Mərkəz gənclər arasında müxtəlif sahələr üzrə maarifləndirmə, əlil uşaqlarla iş, asudə vaxtın səmərəli təşkili, Avropaya inteqrasiyası, tələbələrlə iş və s. proqramlar həyata keçirir. Mərkəzin hazırda davam edən layihələri sırasında bunları qeyd etmək olar: Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Region gəncləri üçün beyin mərkəzlərinin qurulması, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin beynəlxalq əməkdaşlığına dəstək mərkəzinin yaradılması, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Regionlarda yol mədəniyyətinin inkişafı, Səhiyyə Nazirliyinin Layihə Əlaqələndirmə Bürosunun və Qlobal Fondun dəstəyi ilə Gənclər sağlam həyat uğrunda, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə Özünü ifadə, Avropa Komissiyasının dəstəyi ilə Qaçqınlar və gənclər, World Vision International Təşkilatının dəstəyi ilə Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər və s. layihələr. Bunlarla yanaşı bir çox biznes qurumları ilə də kiçik sosial layihələr icra olunmaqdadır.

Gələcək planlar və lahiyələr haqqında nə deyə bilərsiniz?

Əvvəldə qeyd etdiyim kimi, hazırda Mərkəzin 5 regional ofisi fəaliyyət göstərir. Fəaliyyətimizin əsas hissəsinin regionlarda olduğunu nəzərə alaraq, planlaşdırırıq ki, bu ilin sonuna qədər ən azı 2 yeni ofisimizin açılışını təmin edək. Orada gənclərin inkişafı üçün hər bir şərait yaradaq. Bundan əlavə, gənclərin hərtərəfli inkişafını nəzərdə tutan bir sıra layihələrin icra edilməsini planlaşdırırıq. Onları adları ilə qeyd etsək, xeyli vaxt aparacaq. Bütün bunlarla yanaşı Mərkəz bu ilin sonuna qədər 3 beynəlxalq tədbirin keçirilməsini planlaşdırır. Artıq bununla bağlı müvafiq fondlar da maliyyə vəsaiti ayırmışdır. Bildiyiniz kimi Mərkəz Avropada çox ciddi nüfuzu olan Avropa Gənclər Klubları Konfederasiyasının üzvüdür. Bu ilin sonuna qədər bu təşkilatla da bir sıra birgə planlarımızı gerçəkləşdirəcəyik. Planlar çoxdur, sadəcə onlar barədə çox danışmaqdansa, reallaşdırmaq lazımdır. Malliyə məsələlərini necə həll edirsiniz? Mərkəzin əsas vəsaiti daxil olan qrantlar hesabına formalaşdır. Amma bununla yanaşı Mərkəzin maliyyə axtarışı bölməsi müxtəlif biznes qurumları ilə də əlaqələri qurur və ianələrin daxil olmasına çalışır.

Gənclərin lahiyələrinizdə fəallıqları ilə bağlı nə deyə bilərsiniz?

İlk öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycan gəncliyi öz dövlətçilik prinsiplərinə və milli mənəvi dəyərlərinə sadiq olduqlarına görə daha nümunəvidir. Bizim də əsas məqsədimiz nümunəvi gənclik modeli yaratmaqdır. Azərbaycanda gənclərin savadlı, vətənpərvər və yaradıcı olması, belə bir modelin yadadılmasına zəmanət verir. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas istiqaməti ondan ibarətdir ki, gənclərimiz inkişaf etsin, sağlam və dünyagörüşlü olsun, istedadlı və yaradıcı gənclər tanınsın və s. Eyni zamanda əksərs regionlarda Gənclər Evləri yaradılır və tikilir. Bütün bunlar gənclərin hər yerdə, eləcə də bizim layihələrdə fəal olmasına gətirib çıxarır. Təbii ki, gənclər arasında passivliyi ilə seçilənlər də var. Bizim işimizin bir istiqaməti də odur ki, onları fəallaşdıraq və dövlətimiz üçün layiqli vətəndaş kimi formalaşmasına kömək edək.

Fəxrəddin müəllim son olaraq, bir qədər özünüz haqda danışa bilərsiniz?

1991-ci ildə Bakı şəhərində anadan olmuşam. 1997-ci ildə 244 saylı orta məktəbin birinci sinifinə getmişəm. 2008-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul ol. 2012-ci ildə bakalavr pilləsini başa vurduqdan sonra magistraturaya qəbul oldum. İctimai fəaliyyətə isə Gənclər üçün Təhsil Mərkəzinin QHT Məktəbinin iştirakçısı kimi 2008-ci ildə başlamışam. Daha sonra Azərbaycan Tələbələr Birliyində mətbuat katibi vəzifəsində çalışmışam. Bir müddət öncə Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunmuşam.

Müsahibə verdiyiniz və vaxt ayırdığınız üçün minəttarlığımızı bildiririk.

Təşəkkür edirəm.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun