Aynur Hüseynova: Narkotiklərlə mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır

6 2017 [15:15] - YouthPortal.Az



“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin direktoru Aynur Hüseynova YouthPortal-ın sualların cavablandırıb.


- Salam Aynur xanım, Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyinin yaranmasını zəruri edən səbəblər nə idi?

- Artıq sirr deyil ki, bütün planeti sarsıdan narkomaniyanın və QİÇS-in sərhəd tanımadan genişlənməsi Azərbaycan üçün də həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edib bu bəlanın kökünün kəsilməsi istiqamətində gedən əsaslı beynəlxalq mübarizəyə qoşulmuşdur.
Həkim və Azərbaycanın fəal vətəndaşı olaraq, əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu siyasəti alqışlayır və narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi probleminin iqtisadi, coğrafi, sosial, hüquqi sahələrlə yanaşı, heç bir istisna olmadan bizim hamımıza öz mənfi təsirini göstərdiyini dərk edirəm.
Mən bu təşkilatın rəhbəri olmazdan əvvəl narkomanlığın, narkotik vasitələrin insanlara və cəmiyyətə vurduğu ziyan, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaqlaşmağın yolları və s. barədə əhali, xüsusən gənclər arasında kifayət qədər aktiv fəaliyyət göstərən Feniks Sağlam Həyat Təbliği İctimai Birliyinin əməkdaşı olmuşam və bu sahədə xeyli təcrübə toplamışam.
Ona görə də ölkənin və millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədə fəal iştirak etmək məqsədi ilə təsis edilən Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyinin əsas fəaliyyət istiqamətləri əhalinin narkomaniya və onun doğurduğu fəsadlar barədə məlumatlandırılması, bu sahədə gənclərin fəaliyyətinin əlaqələndirilməsi, narkomaniyanın qarşısının alınması və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək və onlara dəstək vermək, milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək, QİÇS-lə bağlı problemləri öyrənmək və onların aradan qaldırılmasına kömək etmək, bu sahədə xarici ölkələrin əldə etdikləri təcrübəni öyrənərək təbliğ etmək və s.-dən ibarətdir.

- Narkomaniyanın yayılmasının və narkotik vasitələrin qanunsuz dövriyyəsinin artmasının səbəblərini nədə görürsünüz və Sizcə insanları belə zərərli vərdişərdən necə qorumaq olar?

- Problemin yayılmasının bir səbəbi Respublikamızın əlverişli coğrafi mövqedə yerləşməsi və təbii iqlim şəraiti, digər səbəbi isə mənəviyyat, əxlaq və davranış modelləri ilə bağlıdır. Mən ikinci səbəblə bağlı danışmaq istərdim. Danılmaz faktdır ki, Azərbaycanın islam mədəniyyətinin və əxlaqının dominant rol oynadığı müsəlman ölkəsi olması, uzun illər ərzində ölkədə neqativ halların geniş yayılmasının qarşısında sipər olmuşdur. Ancaq, indiki fikir və əqidə azadlığı dövründə ifrat qərb mədəniyyətinə istiqamətlənmiş yeniyetmə və gənclərimizin bir qismi cəmiyyətdə formalaşmış ənənəvi davranış modellərini inkar edərək, yeni submədəniyyət və davranış modellərini meydana gətirmişlər. Bu mədəniyyət modellərinin bir hissəsi isə öz radikallığı və təhlükəliliyi ilə digərlərindən seçilirlər və gənclərimizin narkotizasiyaya cəlb olunmasında son dərəcə ciddi təsirə malikdir.
Lakin yeni mədəniyyət axtaranlar unudurlar ki, inkar etdikləri davranış modelləri min illərlə formalaşan, can atdıqları Qərbin belə həsəd apardığı bir mədəniyyətdir. Onların yaratmaq istədikləri mədəniyyətin təzahürü olan narkotiklər isə – iqtisadiyyatın, əhalinin sosial dayaqlarının, əxlaqının, sağlamlığının dağıdılması, xalqların genofonduna təhlükə, gənclərin zorakılığa, soyğunçuluğa, mənfəət güdən və məişət xarakterli digər cinayətlərə cəlb edilməsi, on minlərlə korlanmış talelər və şikəst uşaqlar deməkdir.
Belə təhlükələrlə üzləşməməyimiz üçünsə bütün cəmiyyət bilməlidir ki, narkomaniya qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir bəşər övladının ən müqəddəs borcu insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki, yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmə yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaqdır.

- Azərbaycanda bu sahədə mübarizə və maarifləndirmə işi necə qurulub?

- Məlumdur ki, istənilən bir uğurlu işi həyata keçirmək üçün ilk növbədə müasir zamanı əhatə edən qanunvericilik bazası olmalıdır. Hazırda, Azərbaycanda bu sahədə olan qanunvericilik, dünyanın ən inkişaf etmiş ölkələrinin qanunveridiliklərindən belə daha üstün və mütərəqqidir.
Kütləvi informasiya vasitələrində gedən məlumatlardan da aydın görünür ki, Respublikamızın hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı kəskin mübarizə aparır, narkoişbazların əhalimizin sağlamlığı bahasına sərvət toplamalarına imkan vermir.
Həmçinin, Azərbaycan narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində beynəlxalq və regional səviyyələrdə keçirilən bütün tədbirlərdə fəal iştirak etməklə, aparılan mübarizənin səmərəliliyinin artırılmasına dəyərli töhvələr vermiş, həmçinin, belə tədbirlərin bir qisminin Bakıda keçirilməsinə nail olmuşdur.
Zərərli vərdişlər barədə əhalinin, xüsusən gənclərin maarifləndirilməsi məsələsi ilə bağlı isə deyə bilərəm ki, Respublikada hazırda bu iş çox peşəkarcasına qurulub. Ümumilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılmış və hazırda Baş nazirin müavini cənab Əli Həsənovun sədrlik etdiyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, onun işçi qrupu və şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən komissiyalar tərəfindən əhalinin narkomaniyanın ziyanı və s. zərərli vərdişlər barədə məlumatlandırılması işləri çox aktiv aparılır.
Azəarbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə aparılan quruculuq işləri ilə yanaşı, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində də məqsədyönlü işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramında dövlət orqanları ilə yanaşı, məlumatlandırma və təbliğat işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarına da xüsusi yer verilmişdir. Bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri də qeyd edilən tövsiyyələrə və qanunvericilik bazasına söykənərək, problemin aradan qaldırılması uğrunda fəal mübarizə aparırlar.

- Qeyri-hökumət təşkilatları gəncləri narkomaniya və digər zərərli vərdişlərdən çəkindirmək istiqamətində səylər göstərirlərmi?

- Bəli, qeyd etdiyim kimi bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bir çoxu narkomaniyanın dəhşətli nəticələri, zərərli vərdişlərdən uzaqlaşmağın yolları və s. barədə əhalinin məlumatlandırılması istiqamətində fəal iş aparırlar.

- Rəhbərlik etdiyiniz İctimai Birlik bu sahədə hansı işləri görür?

- Rəhbərlik etdiyim Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Respublikanın Gəncə, Yevlax, Mingəçevir, Şirvan, Bərdə, Tərtər, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Hacıqabul və s. şəhər və rayonlarında əhalinin, xüsusən orta məktəblərin yuxarı sinif şagirdlərinin və gənclərin maarifləndirilməsi ilə bağlı dəfələrlə tədbirlər keçirmiş, iştirakçılara və tədbirlərin keçirildiyi şəhər və rayonların əhalisinin bir qrupuna maarifləndirici materaiallar paylanılmış, fəaliyyətimiz daima ölkədə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən Sizin əməkdaşlıq etdiyiniz www.youthportal.az saytında dəfələrlə işıqlandırılmışdır. Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyinin rəhbəri və fəal vətəndaş olaraq, bundan sonra da üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

- Aynur xanım, təşkilatınızın dövlət orqanları ilə əlaqələri hansı səviyyədədir?

- İstər əvvəl fəaliyyət göstərdiyim Feniks Sağlam Həyat Təbliği İctimai Birliyi, istərsə də hazırda rəhbəri olduğum Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyi aidiyyəti dövlət orqanları ilə uğurlu işgüzar münasibətlər qurmuşdur. Demək olar ki, biz işimizi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və onun işçi qrupu, şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar, Azərbaycan Respublikasının Gənclər və İdman, Təhsil, Səhiyyə nazirlikləri, həmçinin yerli icra hakimiyyətləri ilə birlikdə qururuq.
Bu sahədə apardığımız işlər aidiyyəti dövlət orqanları tərəfindən də həmişə yüksək qiymətləndirilmiş, fəaliyyətimiz Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hər il üçün hazırlanan Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində Ölkə Məruzəsinə daxil edilmişdir. Bir məsələni xüsusi olaraq diqqətinizə çatdırım ki, qeyd edilən Ölkə Məruzəsinə cəmi iki qeyri-hökumət təşkilatının fəaliyyəti daxil edilmişdir ki, onlardan biri rəhbərlik etdiyim Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyidir.

- Aynur xanım, son olaraq nə demək istərdiniz?

- Azərbaycanda qədimdən ailə münasibətlərindəki mühafizəkarlıq, böyüyün-kiçiyin yerinin bilinməsi, bəhs etdiyimiz məsələlərdə amortizasiya rolunu oynamış, ümumən neqativ hadisələrin sağlam Azərbaycan ailəsinə nüfuz etməsinə imkan verməmişdir.
Lakin, bu gün dünyada 200 milyondan yuxarı narkotik vasitələrdən istifadə edən insanın içərisində azərbaycanlıların da olması, əlbəttə ki, təəssüf hissi doğurur.
Təcrübə göstərir ki, narkotiklərlə mübarizə kompaniyadan-kompaniyaya yox, daim diqqət mərkəzində saxlanılarsa, onda bu qalibsiz müharibədə heç olmazsa, mövqe üstünlüyü" əldə etmək olar.
Əlbəttə, aydındır ki, burada hər şeyin çarəsi olan universal resept vermək qeyri- mümkündür. Ona görədə hər bir hadisəyə, hər bir hala fərdi yanaşmaq, həmin hadisənin səbəblərini, stimullarını araşdırmaq, onu doğuran səbəbi aradan götürmək lazımdır. Əsas məsələ bütün narkomanları sağlam həyat tərzinə qaytarmaq deyil (hərçənd ki, bu da mümkündür), sağlamların narkoman olması ehtimalını sıfıra endirməkdir.
Bunun üçün isə indiyə qədər məlum olan mübarizə üsullarını vəhdətdə - kompleks şəkildə götürmək lazımdır. Çünki ayrı-ayrılıqda hər üsul istənilən nəticəni vermir, vəhdətdə isə bunların müəyyən effekti ola bilər. Həm də yalnız mövcud üsullarla kifayətlənmək olmaz. Narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini, əfsanəvi gəlirlərini qoruyub saxlamaq üçün yeni-yeni yollar axtarıb tapdığı, üsullar icad etdiyi kimi, ona qarşı mübarizə də bir yerdə durub dayanmamalıdır.

Müsahibəni apardı: Əlövsət Abdullayev


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
 

Bizə qoşulun